Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Budəfəki müsahibimiz Laçın rayonu Hacısamlı kənd sakini Məhərrəmov Əli müəllimdir. Biz onunla həmin kəndin 100 yaşlı məktəbi haqqında danışacağıq.
-Məktəb nə vaxt və kim tərəfindən tikilmişdir?
-Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbi 1917-ci ildə Alxanov Məşhədi Əhməd Kərbəlayi Məhərrəm oğlu tərəfindən tikilmişdir. Məşhədi Əhməd xeyriyyəçi işlər görməsinə baxmayaraq, 1937-ci ildə Sovet hakimiyyəti tərəfindən Repressiyaya məruz qalmış, 82 yaşında güllələnmişdir.
Hətta böyüklərin dediyinə görə, KƏRBƏLAYİ MƏHƏRRƏMİN OĞLU MƏŞHƏDİ ƏHMƏD Alxanov 1916-cı ildə tikdirdiyi bu məktəbin çertyojunu dövrün xeyriyyəçisi HACI ZEYNALABDİN TAĞIYEV veribdir. Çünki bu iki şəxsin isti münasibətinin olduğu həmin obada yaşayan hər kəsə məlum idi.
-Məktəbin tanınmış müəllimləri kimlər olmuşdur?
-Məktəbdə tanınmış müəllimlər: Şahbaz Şahbazov, Şahverdi Şahverdiyev, Cümşüd Şahverdiyev, Əhməd Əhmədov (Məşhədi Əhmədin nəvəsi), Qəşəm Salahov, Rəhman Alışov, Məcid Şükürov, Sabir Novruzov, Elbrus Nəsibov, Kərəm Cabbarov, Kamil Hümbətov, Vaqif Məmmədxanov, Əli Bəndalıyev, Etiram Məhərrəmov, İsmayıl Mirzəyev və.s müəllimlər dərs demişdirlər. Şahbaz müəllim, Mirzə müəllim, Cümşüd müəllim, Rəhman müəllim, Kərəm müəllim, Kamil müəllim uzun müddət məktəbə rəhbərlik etmişdirlər. Bu adları çəkilən müəllimlərin əksəriyyəti bu məktəbin məzunlarıdırlar.
-Məktəbin respublika və ümumittifaq səviyyəsində tanınmış məzunlarından kimlərin adını çəkə bilərsiniz?
-Məktəbdə Şəlvə dərəsinin bir çox kəndlərinin uşaqları təhsil almışdır. Onlar arasında Respublikada tanınmış bir çox alimlər var. Məsələn, Salman Salahov, Sovet Möhbalıyev, Bayram İbadov, Yəhya İbadov, Taleh Şirinov kimi alimlərin adlarını çəkə bilərəm. Bu gün məktəb hazırda azad olunmuş Laçın rayonunun Hacıxanlı kəndində erməni vandalları tərəfindən dağıdılmış vəziyyətdədir. Məktəbin qalıqlarından bilinir ki, məktəb tək öz dövrünün deyil, müasir dövr üçün də tam məktəbə uyğun bina olmuşdur. Hacıxanlı kənd tam orta məktəbi hazırda Bərdə rayonu Xamtorpaq qəsəbəsində fəaliyyət göstərir. Məktəb hazırda Məşhədi Əhmədin nəticəsi olan Şəhid Vüqar Abdullayevin adını daşıyır. İndi arzu edərdim ki, məktəb tezliklə bərpa olunsun, məktəbdə Məşhədi Əhmədin adına guşə yaradılsın. Övladlarımız bizim özümüzün də təhsil aldığımız məktəbdə təhsil alsınlar. Əgər məktəb binası başqa yerdə tikilərsə 100 ildən artıq yaşı olan bu məktəbin qalıqları müzey kimi qorunub saxlanılsın. Həmçinin məktəbin məzunları arasında onlarca şəhidlər və qazilər var. Məktəbin müzey kimi qorunub saxlanılması represiya qurbanı olan Məşhədi Əhmədin və şəhid olmuş məktəb məzunlarının ruhunu şad edərdi.
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)