Maraqlı və məzmunlu xanım – Ülviyyə Könül Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Mən universal adamam. Kommersiya reklamı, sosial reklam, o cümlədən müxtəlif tədbirlər həyata keçirirəm, xaricdə Azərbaycanı təmsil edən saysız konsertlərin müəllifiyəm. Çəkiliş tərtibatının rejissoruyam. Elə rejissorlar var ki, sırf reklam və ya film çəkir. Mən isə dövlət xətti ilə işləyirəm, rəngarəng verilişlər, sənədli filmlər çəkirəm. Odur ki, adımın yanında şou-biznes sözünün hallanmasını artıq istəmirəm. Şou-biznesdən mədəniyyətə keçməyimin bir çox səbəbləri olub. Axı, insanın yaşının üstünə yaş gəldikcə, maraqları da dəyişir. Bu gün şou-biznes mənim üçün maraqsızdır. İndi daha böyük layihələr və daha böyük işlər marağıma səbəb olub. Açığını deyim ki, müasir estradadan narazıyam. Çoxdandır meqa hit olan mahnılar eşitmirəm. Hətta tanınmış müğənnilərin də son vaxtlar bəyənilən mahnısı olmur. Görünür, həm bəstəkarların, həm də müğənnilərin çoxunun həvəsi ölüb. Bunun nə ilə bağlı olduğunu deyə bilmirəm. Bəlkə də stimul verən yoxdur. Təəssüf ki, bu günlərdə məşhurluğun zirvəsində olan müğənnilər belə, təkrarına qulaq asmaq istəyəcəyim mahnı oxumur...”- söyləyir.

 

Obrazlı desəm, o, brilyant kimidir. Sanki bərq vurur. Çox həssasdır, instinktiv şəkildə incə şeyləri hiss etmək qabiliyyəti var. Gözəlliyin bütün təzahürlərindən zovq almağı bacarır. Bəzən özündən razı görünsə də, əslində özünütənqid onda çox güclüdür. O, üzərinə götürdüyü işi yüksək səviyyədə icra etməyi xoşlayır. Qeyri-sabit xanımdır, ona göstəriş verməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişi, mədəni davranışı ilə seçilir. Son dərəcə məlahətilidir, ağlılı, bəlagətli və dinamikdir. Bir sözlə, o, hərtərəfli inkişaf edib və öz işinin peşəkarıdır...

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Kərimova Ülviyyə Oqtay qızıdır. Onu Ülviyyə Könül kimi də tanıyırlar. O, 28 sentyabr 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində ali təhsilə yiyələnib. 1992-1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib. 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan təntənəli konsertin və digər layihələrin rejissoru olub. 2011-ci ildə tammetrajlı "Vəkil hanı?" filmini çəkib. 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Həddindən artıq təsadüf" filminin quruluşçu rejissoru olub. Bir çox mədəni-kütləvi tədbirlərin, reklam çarxlarının, konsert və şou proqramların rejissoru kimi fəaliyyət göstərib. 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb. 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Sonra bir müddət "Mədəniyyət" telekanalına rəhbərlik edib. Hazırda harada işlədiyindən xəbərim yoxdur...

Deyir ki:- “Kinematoqrafiya mənim həyatımın ayrılmaz bir hissəsidir. Gün ərzində bəlkə də 10-dan çox bədii filmə baxa bilərəm. Kinoya baxdıqda o qədər alüdə oluram ki, hətta reallıq hissini itirib, filmin bir qəhramanı kimi özümü hiss edirəm. Hər bir film mənim üçün paralel dünyadır. Rejisorluğa da məhz bədii film çəkmək arzusu ilə gəlmişdim. Lakin bu marağımı çox tez bir zamanda məhv etdilər. Heç bir zaman mükafatlar haqqında düşünməmişəm. Mən şöhrətpərəst adam deyiləm. Bunu tam səmimi və dürüstlüklə deyə bilərəm. Maddi qazancla yanaşı, iş mənim üçün həmişə özünü realizə etmək deməkdir. Əslində, belə demək olarsa, çox qüvvətli adrenalın mənbəyidir...”

Bir az qətiyyətsizdir, amma çox qayğıkeşdir. Son tikəsini belə bölüşməyə hazırdır. Ömrü boyu heç kimlə mübahisə etmədən yaşamağa üstünlük verir. O, insanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. İnsanlarda yaxşı tərəfləri görür və hansısa maraqlı, rəğbətoyadıcı, yaxşı bir keyfiyyət tapıb qarşılıqlı əlaqə yaradır. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ədalətin pozuiduğu yerdə biganə qalmır, harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Bir sözlə, rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gələ bilir...

Bəli, haqqında söhbət açdığım klipmeyker, rejissor, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Ülviyyə Könül istedadlı olduğu qədər də maraqlı və məzmunlu xanımdır...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.