İnanmaq istəyirəm... - PORTRET Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Zəhmətkeşdir, işləməkdən zövq alır. Daim elmi axtarışlarla məşğuldur. Alicənab və təmənnasızdır. Güclü intellekti var. Dürüstlük tərəfdarıdır, harada olduğundan asılı olmayaraq saflığını həmişə qoruyur. Adamları idarə etmək işində gözəl qabiliyyəti var. Duyğularını yalnız zəruriyyət olduqda büruzə verir. Son dərəcə inadkardır və nə istədiyini yaxşı bilir. Detalları xırda təfərrüatlarına qədər öyrənməyə çalışır. O, həqiqətdə həyatdan heç bir şey ummur, necə deyərlər, qəlbigeniş və gözütox adamdır. Ədalətsizliyə qarşı cəsarətlə çıxış etməyi bacarır. Tənqidi zəkası, incə yumor hissi və inkaredilməz iradəsi onun varlığına xüsusi rəng qatır. Tünlüyü xoşlamır. Onun soyuqqanlı göründüyünə aldanmayın, bu təəssürat aldadıcıdır. O, insan təbiətinin bütün nəcib cəhətlərini özündə birləşdirə bilib. Loyaldır, vəfalıdır, təmizdir. Vicdani borc hissi güclüdür. Ona bel bağlamaq olar, xəyanətdən çox uzaqdır. Çox təvazökardır. Ürəyini açmağı, eləcə də başqalarını sorğu-suala tutmağı xoşlamır...

 

Deyir ki: - “Texnoloji medianın həyat tərzimizə daxil olması ilə sosial münasibətlər dəyişib, virtual folklor anlayışı gündəmə daxil olub. Texnologiya əsrində üz-üzə kommunikasiya yerini virtual auditoriyaya tərk edib, radio, televiziya, ən əsası da internetin inkişafı ilə yeni şifahi ədəbiyyat nümunələri yaranıb. Böyük bir sənaye şəbəkəsi formalaşdıran kütləvi informasiya vasitələri sadəcə xəbərləşmə, əyləncə vasitəsi kimi deyil, həm də bilgi paylaşımı vasitəsi kimi də istifadə edilir. Kütləvi informasiya vasitələrinin əsas qolu təkcə rəsmi olan qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları deyil, həm də internet şəbəkələri, müxtəlif formatlarda mesaj alan mobil telefonlardır. Belə bir mühitdə yeni ənənə formalaşdıran media aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinə də səbəb olub. Bu da insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü bir həyat tərzi seçmələri, bunun da mentalitet dəyişikliyi yaratması baş verib. Bu dəyişikliyin nəticəsində ortaya çıxan aşıq sənəti və onun daşıyıcısını biz Neoaşıq adlandırdıq. Termin ilk baxışda bir az qəribə səslənə bilər, ancaq informasiya-kommunikasiya texnologiyaları dövründə bu termin, bizcə, müasir aşığın fəaliyyətinə, yaradıcılığına, dünyagörüşünə tam uyğundur. Çünki Neoaşıq özünəməxsus ifa tərzinə və sosial-mədəni statusa sahibdir. Ən əsası da Neoaşığın müasir dövrdə zərurətdən yaranması məsələsidir. Bu, heç də aşıqları klassik və Neoaşıq deyə iki qismə ayırmaq mənasına gəlmir. Neoaşıq dəyişən aşıq sənətinin nəticəsində ortaya çıxıb. Onun əsas funksiyası virtual mühitdə və virtual auditoriya qarşısında ifa etdiyi sənətidir. Dəyişən şərtlər daxilində aşıq sənətinin vəziyyəti, ifa tərzində yeniliklər, klassik ənənədən uzaqlaşma və bizim Neoaşıq adlandırdığımız aşığın özəllikləri hələ ki, tədqiqat predmeti olmayıb.”

Nitqi olduqca sadədir, fikirlərini çox. rahat ifadə edə bilir. Dərin zəkaya malik olduğu üçün, heç kəs onun qədər həmsöhbətlərini dinləməyi bacarmır. Çox vəfalıdır. Göstərilən etimadı tamamilə doğruldur. Başqaları üçün əlindən gələni edir, sədaqəti öz-özünü hər şeydən məhrum etmək dərəcəsinə qədər çatır. Dostları haqlı olaraq, ona hörmət bəsləyirlər. Hər hansı ədalətsizlik onda etiraz doğurur və o, vəziyyəti düzəltmək üçün əlindən gələni etməyincə sakitləşmir. Bir sözlə, o, müdrik, zəngin dünyagörüşlü, əsl filosofdur...

Haqqında söhbət açdığım Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində dünyaya gəlib. 1984-cü ildə Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında ilk elmi işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Füzuli Bayat 1997-ci ildə isə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. 1993-1995-ci illərdə AMEA-nın "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olub, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışıb. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində işləyib. 2003-cü ildən 2012-ci ilədək AMEA Folklor İnstitutunun aparıçı elmi işçisi olub. 2012-ci ildən həmin institutun "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsində çalışır. 56 kitabın, o cümlədən, 45 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və 200-dən çox elmi məqalənin müəllifidir...    

“Media mühitində simvollaşdırmanın folklor variantı ortaya çıxır. Məsələn, yeni məzmunlu atalar sözləri və məsəllər, aforizmlər, deyimlər, mahnı sözləri və lətifə başlıqları və sözləri, ənənəvi folklor qəhrəmanlarının ironik modelləri, tanınmış şəxsiyyətlərin parodik obrazları buna misal ola bilər. Bu isə son dövrlərdə tədqiqatçıların da qeyd etdiyi kimi, kütləvi informasiya vasitələrində intertekstualizmin artdığını göstərir. Artıq belə bir mühitdə verbal folklordan danışmağa dəyməz. Çünki folklorun və konkret olaraq aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinin əsas səbəbi insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü həyat tərzi seçmələri, bunun da mentalitet (zehniyyət) dəyişikliyinə səbəb olmasıdır. Bütün bunlar cəmiyyətdəki mədəni dəyişikliklərin əsas səbəbləri olduğundan virtual folklor anlayışını da gündəmə gətirir. Virtual folklor üz-üzə söylənən xalq ədəbiyyatından fərqli olaraq folklorun texnologiyalaşmasıdır. Təbii ki, aşıq da bu prosesin içindədir və baş verənlərə ən tez reaksiya verən söyləyicilərdən biridir. Bütün hallarda folklorun KİV-də reallaşması media məkanının xüsusi mülkiyyəti ilə müqayisədə, məlumatların müntəzəmliyini və təkrarlanmasını təmin edən vasitələrlə həyata keçirilir. Həm də ünsiyyət vasitələrinin çoxkanallı və dəyişkən olmasına töhfə verən texniki vasitələrin köməyi ilə şifahi söz sənəti məlumatları ötürmə vasitəsi kimi yeganə və ən məqbul vasitə olan sözə əsaslanır. Neoaşıq texnologiya əsrində repertuarında sözdən daha çox musiqiyə yer verir, bunu ondan televiziya kanalları, internet yayımları tələb edir. Neoaşığın performansı həm görsəl, həm də dinlənilən mediaya bağlıdır."- söyləyir.

Özünüreklamdan çox uzaqdır. Cəmiyyət içində ön planda olmağı, seçilməyi xoşlamır. Sakit yaşamağa və özünü səbirli aparmağa üstünlük verir. İncə və səmimi yumoru yaxşı duya bilir. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır. Həyatda stabil olmaq onun ən müsbət xüsusiyyətlərindəndir. Yalanı qəti sevmir və heç kimə bağışlamır. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edir.  

İş həyatında intizamlı olduğu üçün adətən işləri uğurlu alınır. Demək olar ki, müvəffəqiyyət onun alın yazısıdr. Problemlərin həllində isə çox mahirdir...

Xülasə, inanmaq istəyirəm ki, folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı üzrə ölkədə tanınan filologiya elmləri doktoru, professor Füzuli Bayatın ən böyük uğuru hələ irəlidədir. Nə vaxtsa ona da - Akademik- deyə müraciət edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

 

(28.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.