Mir Cəlal Paşayevin yadigarlarından biri... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Gözəl adı var, mənası- ədəbli, tərbiyəli, yazıçı kimi yozulur. Mülayim təbiətlidir, gözəl xasiyyətə sahibdir. Fitrətdən gələn estetik istedadlıdır. Ən qabarıq xüsusiyyətləri isə, onun xeyirxah, yardımsevər, həssas, incə və rahat olmasıdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etməyi aşılamaq üçün insanlara əsl nümunədir. Nəcib adamlara qarşı nəzakətli və mehribandır. Zərif və bir az da utancaqdır. İntuisiyası çox güclüdür. Düşdüyü mühitə asanlıqla uyğunlaşa bilir. Gözütox, qəlbiaçıqdır. Həyatdan istədikləri elə də çox deyil, problemsiz, ağrı-acısız bir ömür istəyir. Rahat yaşamaq və qəfil sürprizlərdən uzaq olmaq, onu daha çox cəlb edir. Fiziki gərginliyi xoşlamır. Yaraşıqlı və cəlbedicidir. Yalan danışmağa, riyakarlığa nifrət edir. Ətrafındakı insanların da, özü kimi dürüst olmasını istəyir. Soyuq, laqeyid adam deyil, pisliyi sevmir və hamı ilə xoş niyyətlə davranır. Heç vaxt kiməsə zərər vermək istəmir. İnsanlara qarşı qayğıkeşdir...

 

18 iyul 1943-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1960-1965-ci illərdə indiki Bakı Dövlət Universitetinin(BDU) filologiya fakültəsində ali təhsilə yiyələnib. BDU-da təhsil aldıqdan sonra, əmək fəaliyyətinə də elə həmin elm ocağında başlayıb. 1969-cu ildən 1979-cu ilədək BDU-nun rus ədəbiyyatı kafedrasının müəllimi, 1979-cu ildən 1988-ci ilədək baş müəllimi işləyib. 1988-ci ildən 2004-cü ildək isə BDU-da xarici tələbələr üçün rus dili kafedrasının müdiri vəzifəsində çalışıb. 2004-2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiridir. Elmi araşdırmaları linqvodidaktika və rus ədəbiyyatı tarixinin tədqiqindən ibarətdir. Bir çox kitab və dərsliklərin müəllifidir. 2005-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adına layiq görülüb. Xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Əməkdar Müəllim” fəxri adı və “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub...

 

Maraqlı və yaradıcı insandır. Hərəkətlərində çox diqqətlidir. Məsuliyyətlidir, üzərinə düşən öhdəlikləri yerinə yetirənədək yorulmadan çalışır. Sakit və dinc mühitə üstünlük verir. Ziddiyyətli mühitdə olmaq istəmir və qarmaqarışıqlıqdan xoşu gəlmir. Çox romantikdir. Kiminsə kədərindən və ya həzin bir musiqidən təsirlənə, kövrələ bilir. Ləyaqətli və xarizmatik xanımdır. Təbiiliyin vurğunudur, gözəllikdən zövq alır. Bir sözlə, xoş xasiyyəti, mədəni davranışı, səmimiyyəti ilə ətrafındakılara bir örnəkdir. Elə ona görə də, olduğu hər yerdə hamıdan fərqlənir, seçilir...

 

Deyir ki: “Mən  çox xoşbəxt insanam ki, Mir Cəlal müəllimin ailəsində dünyaya gəlmişəm. Xoşbəxtəm ki, müəllimlik kimi yüksək missiyanı daşıyıram. Müəllim təkcə tədris etdiyi fənni yox, həyat dərsini də deməlidir. Bəli, xoşbəxtəm ki, bu missiyanı məhz BDU-da, Filologiya fakültəsində uğurla yerinə yetirirəm. Çünki həm universitetin, həm də fakültənin öz ənənələri, ab-havası var...”

 

Xülasə, bu dəfə sizə, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşyevin yadigarlarından biri- professor Ədibə Paşayevadan söhbət edirəm. Belə ki, bu gün - iyulun 18-i Ədibə xanımın növbəti ad günüdür. Onu, bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.