Növbəti xəbərimiz sizləri çox maraqlandıracaq. Niderlandın Amsterdam şəhərində yaşayan FİDE ustası, Şotlandiyanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasında üçqat Şotlandiya çempionu Murad Abdulla milliyyətcə azərbaycanlıdır. Bu günlərdə “Diaspor TV”-nin çəkiliş qrupu onunla görüşüb.
“Ədəviyyat və incəsənət” portalının Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, soydaşımız görüş zamanı şahmata olan marağının necə yarandığını, qazandığı uğurları, hazırda fəaliyyət göstərdiyi peşə sahəsini və gələcəyə dair planlarını bölüşüb. O, həmçinin bir diaspor nümayəndəsi kimi Azərbaycanın tanıdılması istiqamətində gördüyü işlərdən və bununla bağlı keçirdiyi qürur hissindən də söz açıb.
2000-ci ildə Şəkidə doğulan soydaşımız 5 yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçüb və orada da şahmata başlayıb. Yerli media 2010-cu ildə Aberdin şəhərində keçirilən turnirdə güclü oyununa görə soydaşımızı "Nəhənglərin qatili" adlandırıb. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanan Murad Abdulla 2017, 2018 və 2022-ci illərdə isə Şotlandiya çempionu olaraq adını ölkənin şahmat tarixinə yazdırmağı bacarıb.
Son üç ildir ki, peşə fəaliyyəti ilə əlaqədar Amsterdamda yaşayan Murad hazırda “IMC” şirkətində treyder kimi çalışır.
Soydaşımızın müsahibəsini aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=hMMduM8V7tU
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)