Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Orta məktəbdə oxuduğu vaxtlarda o dövrün “Pioner” qəzetində “Haradan başlanır vətən?”- mövzusunda keçirilən inşa müsabiqəsinin elanını görüb, müsabiqədə iştirak etmək qərarına gəlir və tezliklə elanda göstərilən ünvana inşa yazıb göndərir. İnşada qeyd edir ki:- “Vətən mənim üçün yaşadığım evdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır.” Çox keçmir ki, inşa əks-səda doğurur və müsabiqənin qaliblərindən biri də o olur.
Ümumiyyətlə, vətən mövzusu ona çox əzizdir və bədii yaradıcılığının əsas qayəsini təşkil edir. Bəlkə də bu səbəbdəndir ki, hətta elmi işinin də mövzusu vətənlə bağlı olub...
“Ən böyük sevgi vətənə, torpağa olan sevgidir. Bu danılmaz sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət isə ötüb keçmir.”- söyləyir.
Kövrək qəlbi var. Özünü yağışa bənzədir. Adətən, kövrələndə istəmir ki, kimsə buna şahid olsun. “Mənim də qəlbimdə yağışa bənzər hallar tez-tez olur. Əgər leysan yağırsa, tez kəsir, amma narın yağış yağırsa, onun kəsməsi, kiriməsi gec olur.”- deyə duyğularını dilə gətirir...
Deyir ki:- “Həmişə çalışmışam ki, ünsiyyətdə olduğum insanlarda yalnız yaxşı xüsusiyyətlərini görüm, belə olanda ünsiyyət də normal alınır. İnsanlar ünsiyyətdə bir-birinə müsbət enerji ötürə bilirsə qarşıya çıxan bütün maneələri aşmaq olur. Yox, əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlıgördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq özündə qala bilsin, dəyişməsin.”
O, 1962-ci ilin may ayının 29-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984-1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllim, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışıb. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktorudur. Bir sıra kitabların müəllifidir...
“Qadın güclü olmalıdır. Bizim gücümüz yaxınlarımıza böyük enerji verir. Biz güclüyüksə, həyat yoldaşımız güclüdür, atamız güclüdür, qardaşımız güclüdür. Qadın güclü, intellektual, hissiyyatlı olanda ətrafına da bunu ötürə bilir. Hesab edirəm ki, bu fikri səbəbsiz demirəm. Bəzən elə məqamlar olur ki, o zaman ağıldan əlavə, intuisiya da lazım gəlir və qadında bu, daha güclüdür. Bəzən qadınların intuisiyası ağıldan bir qədər irəlidə ola bilir. Bu mənada, qadınlar daha intuisiyalıdır və bununla onlar daha böyük işlər görə bilirlər...”- söyləyir.
Zərif ruhu var, qəlbi o qədər təmizdir ki, hamıya-hər kəsə xoşbəxtlik arzulayır. Necə deyərlər, dili dualı xanımdır. Müsahibələrinin birində deyir ki:- “Özüm böyüməmiş, boyum çıxmamış ruhumu, içimin səsini, qəlbimin pıçıltısını, könlümün hənirtisini eşitdim. İçimdəki səslə yaşadım. Yazdıqlarım yarpaq açdıqca ömür ağacım da böyüdü. Nənə-babalı dünyamdan, bağımızdakı gilənar çiçəklərindən, şaftalı, ərik ağaclarından, Şərur yaylaqlarına hakim kəsilən “Yallı”dan ayrılıb küləklər şəhərinə- Bakıya gəldim. Kitabxanalarındakı kif qoxulu kitabların şəhərinə. Kim nə deyir-desin, Sonanı Sona Vəliyeva edən də, elə bu şəhər oldu. “Şərur qönçəsi” şəhərdə çiçəkləndi. Poeziyadan publisistikaya yol tutdu. Sevə-sevə, sevilə-sevilə. Sadəliyin, səmimiyyətin, peşəkarlığın nümunəsi kimi tanınan bu qadın indi doğmaları üçün əziz bir insan, yüzlərlə oxucusu üçün isə “Kaspi” qəzetinin təsisçisi, şair, publisist Sona Vəliyevadır.”
...Bəli, o, bu dəfə sizə ürəklərə yol tapan, könülləri tərpədən lirikasına görə tanınan, sevilən Sona xanımdan danışıram. O, sadəliyində əzəmət, qürurunda mərhəmət gəzdirən zəriflərdəndir. Bar verən ağac kimi bərəkəti çoxaldıqca, başını aşağı tutub, ürəyini Allaha, könül qapısını isə insanlara açır. Bir sözlə, o xoşbəxtdir...
Bu gün - mayın 29-u naşir, şair, publisist Sona Vəliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(29.05.2025)