“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq, filosof Firuz Mustafanın yazısını təqdim edir.
Bu günlərdə təsadüfən bir videolent qarşıma çıxdı. Ömürlük həbs cəzası almış bir adamın çıxışı diqqətimi çəkdi. Ortayaşlı bu şəxsin siması mənə tanış gəldi. Bir qədər dinlədim. Adamı tanıdım. Tanıdım deyəndə ki, bu, mənim keçmiş tanışlarımdan biri idi. Bəlkə ona heç tanış da demək olmaz. Həyatda bir neçə dəfə qarşılaşdığım, həmsöhbət olduğum adam idi.
Müəyyən yaşı olan adamlar bir zaman, lap dəqiqi 1999-2000-ci illərdə, qəzetlərin səhifələrindən, daha doğrusu manşetindən düşməyən qətl hadisəsi haqqında silsilə yazıları yəqin ki, yaxşı xatırlayırlar. Qətli özəl ali məktəblərdən birinin rektoru törətmişdi.
Bəli, Milli Zadəganlar Universitetitinin rektoru Oruc Rəhimov 1999-cu ildə avtomat silahla dörd nəfəri, səhv etmirəmsə iki bacanağını, qaynını və həyat yoldaşını öldürmüşdü.
Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunda doğulub. Ali təhsillidir. Texniki Universiteti bitirib. İxtisası üzrə alimlik dərəcəsi alıb.
Bütün bunlar öz yerində.
Dediyim kimi, məsələ burasındadır ki, mənim bu adamla ünsiyyətim olmuşdu.
Yadımdadır, 1992-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə bir qurum yaradılmışdı. Qurumun vəzifəsi yeni yaradılan və ya yaradılmaqda olan ali və orta ixtisas məktəblərinin “ümumi vəziyyətini”- tədris yükünü, texniki bazasını, təhsil keyfiyyətini, pedaqoji kollektivin elmi səviyyəsini və digər parametrləri yoxlamaqdan ibarət idi. Məni də həmin quruma üzv seçmişdilər.
Sən demə, “yoxlayacağımız” növbəti ali məktəb o zamanlar mənim qaldığım evin lap yaxınlığında - Biləcəridə imiş. Universitet Dəmiryol Xəstəxanasının böyük korpusunu icarəyə götürmüşdü. Komissiyamızın üzvlərinin ümumi qənaəti belə oldu ki, Oruc Rəhimov bəzi istisnalar nəzərə alınmaqla işini yaxşı qurub. Hiss olunurdu ki, bu adamda təşkilatçılıq qabiliyyəti var, iradəlidir, ünsiyyətcildir...
Sonralar Oruc müəllimlə “hadisə yerində”- işlədiyi ali məktəbin qənşərində arabir qarşılaşır, əhvallaşırdıq. Yadımdadır, hətta, Oruc müəllim bir neçə dəfə mənə təklif etdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında prorektor işləyim. Təşəkkür etdim, dedim ki, mənə Elmlər Akademiyasında işləmək daha xoşdur. O, təklifində israrlı idi. Dedi ki, onda kafedra müdiri ola bilərsiniz, filosofa ehtiyacımız çoxdur. Təbii ki, yenə razılıq vermədim. İsrarlı xahişini görüb bir dəfə ona yarızarafat-yarıciddi dedim ki, ildə bir neçə dəfə gəlib pulsuz mühazirə deyərəm - “ustad dərsləri kimi bir şey…
Az sonra eşitdim, daha doğrusu mətbuatdan oxudum ki, rektor Oruc Rəhimov dörd yaxın adamını qətlə yetirib...
Hə, yuxarıda qeyd etdiyim kimi, bu yaxınlarda bir verilişdə təsadüfən onun həyat, daha doğrusu “cinayət tarixçəsinin” bir hissəsinə baxmalı oldum. Məntiqli danışır, ağıllı mühakimələr yürüdürdü. Bəzi cinayətkarlar kimi, yaxasını kənara çəkib “mənim günahım yoxdur”- demirdi. Əksinə, böyük günah sahibi olduğunu etiraf edirdi. Həbsxanada ola-ola yetim qalmış övladlarının hamısına - üç uşağına ali təhsil verib. Həyatının sonunu... bəlkə də davamını gözləyərək yaşayır.
Bax belə.
Bizə o qalır ki, deyək: Allah qapısını açsın.
Məşhur bir filmin adını da yada salmaq olar: “Onu bağışlamaq olarmı?”
“Ədəbiyyat və incəsənət”
(28.05.2025)