Kitabların böyük dostu olan ƏLİAĞA CƏFƏROV Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun nə az, nə çox- yetmiş bir yaşı tamam oldu. Əliağa Qafar oğlu Cəfərovu deyirəm. Çalışacağam ki, Əliağa müəllim haqqında təəssüratlarımı sizinlə də bölüşüm. Söhbətimə onun ömür xronikasından başlayıram.

 

O, 1954-cü ildə Bakı şəhərində anadan olub. Amma orta təhsilini Qubadlı rayon Əliqulu-uşağı kənd məktəbində alıb. Məktəbi bitirdikdən sonra Sumqayıt Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib.1977-1982-ci illərdə indiki BDU-nun Kitabxanaçılıq fakültəsində ali təhsilə yiyələnib.

Əmək fəaliyyətinə “Azərkitab” kitab ticarəti birliyinin 69 saylı mağazasında direktor kimi başlayıb. Sonra Sumqayıt şöbəsinin direktoru və birliyin plan şöbəsinin rəisi işləyib. Hazırda AMEA-nın nəzdində olan "Akademkitab" MMC-nin direktorudur. Həm də 1997-ci ildə təsis etdiyi " Çıraq " nəşriyyatının rəhbəridir...

 

Şair, publisist Rauf İlyasoğlu onu belə təqdim edir: “Uzun illərdir ki “Akademkitab” mağazasının mudiri işləyən cəfakeş alim, tədqiqatçı yazıcı, əsl ziyalıdır. Bu fədəkar insan yorulmaq bilmədən oxuculara kitablari sevdirən naşirdir, kitabşünasdir. Əliaga müəllim boya-başa çatdıgı cəngavərlər yurdu olan Qubadlı rayonunun tarixi ilə bağlı arxiv sənədlərinə istinad edərək, zəngin məlumatlar toplayıb və ilk dəfə doğma Əliquluşağı kəndində 1915-ci ildə açılan Rus-Tatar məktəbi haqda ayrıca kitab yazıb tariximizin qaranlıq səhifələrini işıqlandırıb. Məhz cəfakeş alimin kitabları orta məktəblərdə tədris olunur və tarixçilər, alimlər, doktorantlar, müəllim və tələbələr üçün mənbə kimi istifadə olunur. Kövrək qəlbli, nəsilli, köklu, qədirbilən, vətənsevən adamdır. Uzun illər yurd nisgiliylə alişıb yanıb, dogma yurdunu, kitablarında vəsf edib, neçə imkansız insanlara əl tutub, kömək edib. İsgüzarlıği, sadəliyi, təvazokarlığı, mehribancılıgı və insani keyfiyyətləri ilə secilən, vətənpərvər övladlar böyüdüb. Bu gün nəvələriylə fərəh duyan Əliaga Cəfərov kitabsevərlərin, yazıçı və şairlərin dostu olmaqla yanaşı, həm də ictimaiyyət arasında öz durustlüyü, mərdliyi , bütovlüyü ilə secilən ziyalılarımızdandır...”

 

O, 1988–1991-ci illərdə Moskva Dövlət Mətbuat Akademiyasının aspiranturasında qiyabi təhsil alaraq, 1992-ci ildə "Azərbaycanda kitab ticarətinin meydana gəlməsi və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə isə AMEA Folklor İnstitutunun "Klassik folklor" şöbəsində "Şifahi və yazılı ənənədə "Koroğlu" sujetləri"(eposun Azərbaycan versiyası əsasında) mövzusunda dissertasiya müdafiə edərək Filologiya elmləri doktoru elmi dərəcəsinə yiyələnib...

 

Rauf İlyasoğlu daha sonra yazır: “1994 - cü ildən "Akademkitab" in taleyini ona tapşırmaqla heç də səhf etməyiblər. Bu kitabxana gercək bir universitetdir. Minlərlə kitabların qorunduğu və gələcək nəslə çatdirılmasında bir ziyalı kimi xidmətləri həqiqətən danılmazdır. Respublikamız müstəqillik əldə etdikdən sonra ilk dəfə muqəddəs kitabımız- "Qurani Kərim"i latın əlifbasında nəşr etdirən də məhz Əliağa Cəfərov olub.”

 

İndiyədək onun bir neçə kitabı işıq üzü görüb. Onların sırasında- “Xocalı faciəsi”, “Bəlalı dağlar”, “Puç olmuş arzular”, “Qırğın” romanlarını göstərmək olar. Bunlardan əlavə o, “Сасанитскаядержавав III-V вв.”, “O, insanlara yaxşılıq üçün gəlib”, “Arzular ümüdlər məktəbi”, “Koroğlu dastanı”, “Azarbaycanda “Koroğlu” dastançılıq ənənələri” əsərlərinin və bir sıra elmi məqalələrin, soraq-məlumat xarakterli kitabların və lüğətlərin müəllifidir. 5 cilddən ibarət “Azərbaycan nağılları” və “Azərbaycan dastanları”, “Azərbaycan folkloru antologiyası”, “Qaçaq Nəbi” dastanlarının yenidən işlənib nəşr olunması da onun elmi fəaliyyətinin əsas göstəricilərindən biridir...

   

İstiqanlığı və sakit rəftarı ilə diqqət çəkir. O, çalışmağı, səy göstərməyi sevir və başqalarına da kömək etməyi xoşlayır. Mərd və məğrur adamdır. Əsl kişilərə xas olan müsbət xüsusiyyətlərin hamısını onda tapmaq olar. Elə ona görə də kişiliyə, mərdliyə yüksək dəyər verir. Mərhəmətlidir, hamıya qarşı səmimi və isti olmağı ilə fərqlənir. Bir sözlə, haqqında söhbət açdığım filologiya elmləri doktoru Əliağa Cəfərov yaxşı insandır.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.