TRİBUNA - “Bəlkə biraz düşünək... Featured

“Ədəbiyyat və incəsənət” portalı Tribuna rubrikasında bu gün sizlərə Vidadı Rzayevin fikirlərini təqdim edir. Əlbəttə ki, çox düşündürücü, ürəkdağlayıcı məsələ barədə danışır müəllif.

 

İki gün əvvəl hamının "Meyvəli"kimi tanıdığı məkanda çərəz satılan bir dükana girdim. Məni nur üzlü bir gənc qarşıladı və satılan mallarını təqdim etdi. Ondan "təhsil allırsanmı?" sualıma biraz əsəbi cavabı məni sarsıtdı. Dedi ki, əmi indi savad, təhsil kimə lazımdır?

 

Və davam etdi:

-Mən 7-ci sinifdən bu alverdəyəm. Şükürlər, ticarət hesabına öz evim, maşınım, bağım var və indi evlənməyi düşünürəm. Bax, o düyü kisəsini qaldıran oğlan mənim sinif yoldaşım olub. Dərs əlaçısı idi. Sonra Bakı Dövlət Universitetinə daxil oldu və oranın həm bakalavr, həm də magistraturasını fərqlənmə ilə bitirdi. Daha sonra Dövlət qulluğuna hazırlaşaraq AB kateqoriyası üzrə imtahanda uğurlu nəticə əldə etdi... di gəl, hələ də müsabiqədən keçə bilmir. Yazığın bütün əziyyətləri heç oldu. İndi mən onu işə götürmüşəm ki, xəstə anasına baxa bilsin. Nə evi var, nə də maşını. Siz deyin, oxumağa dəyərmi?

 

Acı həqiqət məni çox sarsıtdı. Axı niyə biz gələcəyimizə balta çalırıq. Savadlı, əxlaqlı insanları deyil, bəzən kütbeyin, nadanları iyrənc səbəblər üzündən irəli çəkirik. Axı kim bu dünyadan özü ilə axirətə sərvət aparıb? Niyə görə öləndən sonra özümüzə rəhmət deyil, lənət qazandırırıq?

Azərbaycan xalqının böyük bir hissəsi həqiqətən mərd, torpağına və vətəninə sadiq insanlardır. Gəlin layiqlilərə yol açaq, yol açaq ki, gələcəyimiz daha nurlu olsun.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.