İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
10 mayda daha kimlər dünyay gəlib? Təqvimi vərəqləyəndə gözümə bir ad sataşdı:
Ənvər Çingizoğlu! Kimdir bəs Ənvər Çingizoğlu? Publisist, jurnalist, araşdırmaçı, ssenarist…Kifatər qədər təqdirəlayiq fəaliiyəti olub bu şəxsin.
Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində, sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb.
Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.
1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur. Folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.
Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", "Xurşidbanu Natəvan", "Nəvvab", "Kəminə" adlı televiziya filmləri çəkilib.
Mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. Jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Kitabları
1. Məhəmməd bəy Aşiqin şeirləri.
2. Rzaqulu bəy Vəzirovun əsərləri.
3. Qarabağ 1918–1920-ci illərdə
4. Ağaməhəmməd xan Qacarın ölümünə qədər baş vermiş əsas hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı.
5. Bayram xan Baharlı, Əsərləri
6. Aleksandr Sokolov, Gündəlik qeydlər
7. Pyotr Berje, A. P. Yermolovun İrana səfirliyi
8. Mahal Qacar-75
9. Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk.
10. Mirzə Rza xan Ərfə, Xatirat
11. Abbas Ramazani, Fətəli şah Qacar
Mükafatları
1. Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplomuna layiq görülmüşdür.
2. Əməkdar mədəniyyət işçisi
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)