Gürcüstanda ilk dəfə azərbaycanlı məktəblilər Novruz bayramında istirahət edəcəklər

Çox pozitiv xəbərdir. Novruz bayramı ilə əlaqədar martın 21-i Gürcüstanın Azərbaycandilli məktəblərində istirahət günü olacaq. Gürcülər axır ki, haqq yoluna gəliblər. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, martın 21-nin Gürcüstandakı azərbaycanlı məktəblilər üçün istirahət günü elan edilməsi ilə bağlı gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru və ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə bir qrup müəllim və ictimaiyyət nümayəndələri ölkənin Təhsil və Elm Nazirliyinə müraciət edib. Nazirliyin cavab məktubunda deyilir: “Gürcüstan Prezidentinin 2010-cu il 23 mart tarixli 187 saylı Fərmanına əsasən, Novruz bayramının qeyd edilməsi ilə əlaqədar martın 21-i Gürcüstanda bayram günü elan edilib (qeyri-iş günü deyil). Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə martın 21-i dövlət və özəl məktəblərdə istirahət günü elan edilib və bu hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıb. Martın 21-nin bayram günü elan olunması ilə əlaqədar Azərbaycandilli məktəblərin müraciəti əsasında istirahət gününə razılıq veriləcək. İctimai məktəblərdə tətil müddəti normativ aktla təmin edilib. Yaz tətilinin müddəti martın 8-dən 15-dək müəyyən edilib”. 

“Fürsətdən istifadə edərək qardaş azərbaycanlılara dərin ehtiramımızı bir daha bəyan edir və milli varlığın qorunub saxlanması, daha da inkişaf etdirilməsi yolunda sizə bundan sonra da dəstək verməyə hazır olduğumuzu bildiririk”, – deyə nazirliyin məktubunda vurğulanır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.