Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Tarixin tozlu səhifələrini vərəqlədikdə ermənilərin Azərbaycan və azərbaycanlılara qarşı bəslədiyi kinin və nifrətin qabarıq şəkildə büruzə verildiyini görürük. Törədilən terror aktları, qanlı faciələr bu kinin və nifrətin bariz nümunəsidir.
Metronun “20 Yanvar” stansiyasında qatarın partladılması, xeyli zabitin və diplomatların içində olduğu “Miq-24” helikopterinin vurulması, ümumən 1905-ci ildən üzübəri terror və soyqırımlar -səhərə qədər saysaq belə bitməyəcək faciələr hər an gözümüzün önünə gəlir. Ötən gün də bu faciələrdən biri, 33-cü ildönümünü olan Malıbəyli və Quşçular kəndində törədilən qırğınlar barədə danışacağam.
Şuşa rayonunda əhali tərkibi azəbaycanlılardan olan Quçşular və Malıbəyli kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın ərazidə yaylaqda yerləşirdi. Kəndlərdə təxminən 4.000-ə yaxın azərbaycanlı yaşayırdı. 1988-ci ildə Ermənistandan 1.500-ə yaxın azərbaycanlı əhali öz yurdlarından zorla çıxarılmışdı. Nəticədə doğma yurd-yuvalarından qovulan əhali məhz Qarabağdakı bu kəndlərdə məskunlaşmışdı. Ermənilərin sıradakı hədəfi də elə Malıbəyli və Quşçular kəndləri idi. 1991-ci ildən etibarən isə Malıbəyli erməni silahlı bölmələrinin mühasirəsində idi. Fevralın 5-də kəndlərin üzərində uçan vertolyot kənd əhalisinə evlərini tərk etmələri üçün 2 gün vaxt verildiyi barədə elan verdi.
Malıbəyli kəndi mühasirədə olduğundan oraya gediş-gəlişin tək yolu hava vasitəsi ilə idi. Yanvarın 28-də Malıbəyli üzərində uçan sonuncu vertolyot da vurulmuşdu. Ermənistan Silahlı Qüvvələri yaxınlıqda yerləşən erməni kəndlərinə “ediləcək həmlələrin önünün kəsilməsi” məqsədilə zirehli daşıyıclar və artilleriya vasitəsilə Quşçular və Malıbəyli kəndlərinə hücum təşkil etdilər. Fevralın 10-u gecə saatlarında rus silahlılarınında dəstəyi ilə ermənilər Malıbəyliyə basqın etdi. Evlərindən didərgin düşən azərbaycanlılar Quşçular kəndinə qaçdı. Kənddəki bütün evlər talan edildi və yandırıldı. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdu. Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən, kəndlərə ən yaxın çıxış yolu Ağdamın Abdal-Gülablı kəndi idi, lakin bu kəndə gedən yol ermənilərin məskunlaşdığı kəndlərdən keçirdi. Təcavüzkar və xain erməni hərbi birləşmələrinin tərkibi Suriya, Livan və Fransadan gəlmə ermənilərdən təşkil olunmuşdu. ATƏT-in sülhməramlı missiyasının iştirakı zamanı Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndləri erməni silahlı qüvvələri tərəfindən ələ keçirildi və nəticədə Şuşa və Xocalı şəhərləri blokada altına alındı.
Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız, dinc sakinlərin qanının axıdıldığı Ağdaban və Qaradağlı qətliamları törədildi. Daha sonra isə 20-ci əsrin ən böyük qanlı qətliamı olan Xocalı faciəsi yaşandı.
“Ədəbiyyat və İncəsənət”
(11.02.2025)