Gənc şair, publisist Rauf Ra vəfat edib.
Medianın dünən gecə yaydığı xəbər hamını sarsıtdı.
Yaxınlarını verdiyi məlumata görə o, dəm qazından boğularaq dünyasını dəyişib.
Rauf Ranın şeirləri və publisistik yazıları dövri mətbuatda mütəmadi şəkildə çap olunurdu.
“Ədəbiyyat və incəsənət” onun böyük istedadını göstərən bir sənətşünaslıq yazısından və bir essesindən fraqmentlər gətirərək mərhumun ailəsinə başsağlığı verir.
Birinci yazı “Alleqorik kompozisiyalar” adlanır.
Quruluş, məkan və qrup dinamiklərinə toxunaraq, rəsm və fotoqrafiya arasındakı sərhədi pozan alleqorik kompozisiyalar yaratmaq və ya qısaca - müasir fotoqrafiya.
Rəsm və fotoqrafiya arasında olan qırıq xətlərdən ibarət sərhəd gözə çarpmayan simmetrik balansın yaranmasının şərti iştirakçısına çevrilir. Müasir fotoqrafiya, eləcə də heç də uzaq olmayan zamanın gələcək üçün klassikləşmiş fotoqrafiya ustaları bu sərhədi pozaraq fotoqrafiyanı rəsmin sənət daxilindəki futurist missiyasına gətirə biliblər.
Fotoqrafiyada bədii obrazın sənədli və şəkilli olması fotoqrafın bədii obrazının spesifikliyinə çevrilərək, bədii fotoqrafiyanı tamamlayıb fotoqrafiyanı məişətdən sənətə ötürür.
İkinci yazı isə “İntelektual mənasızlıqda izoterika” adlanır. Altbaşlığı isə “Kədər”dir.
Qorxu və qəzəb. Bu iki duyğu varsa kədər də vardır. Bəs kədərin bu intellektual mənasızlıqda, heçlikdə rolu nə idi?
Van Qoq ölüm ayağında olan zaman qardaşı Teo-ya belə deyir:
"La tristesse durera toujours”
Yəni, kədər heç bir zaman bitməyəcək. Eyniylə, rəssamın dediyi kimi kədər daima olub və daima da olacaq. Bir çox yazarlar da insanın özünü dərk etməsində ən vacib duyğu olaraq kədəri - ağrını, acını göstərirlər. Razıyam. Belə də olmalıdır.
"Kədər nə qədər dərin olarsa, insan da ilahiyə bir o qədər yaxın olar"
- Dostoyevski
Dostoyevskinin dediyi kimi kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur. Ezoterikanın təməlidir. Dadaistlər bu duyğudan qurtulmağa, sənətdə bu duyğunu barındırmaqdan əl çəkməyə çalışırdılar.
Qeyd: Yazıların mətni edebiyyat.az-dan götürülüb.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)