Sui-istifadə! - BU YOLVERİLMƏZDİR! Featured

 Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhidlər qürur mənbəyimizdir. Hamı çox yaxşı bilir ki, istər  "Aprel döyüşləri", istərsə də "44 günlük" Vətən müharibəsində, Azərbaycan əsgəri, xalqı hamılıqla öz şücaətini, vətənpərvərliyini, qorxmazlığını, həmrəyliyini nümayiş etdirdi. Bu döyüşdə təkcə səngərdə deyil, eyni zamanda hər birimiz olduğumuz yeri səngər, cəbhə bilib, hamılıqla, xalq olaraq döyüşürdük. Hər birimizin ətrafından dostu, tanışı, qohumu şəhid oldu. Bir vaxtlar ümid toxumuna çevrilmiş  inşallahlar, xalqın inamı ilə, qısası, qan yaddaşı ilə suvarılaraq, öz bəhrəsini verdi. Döyüş zamanı şəhid olanlar, xalqın gözündə "Qəhrəman", qazilər isə canlı qəhrəman olaraq qiymətləndirildi. Hamının silahlı qüvvələrin hər bir fərdinə rəğbəti birə min artdı. Təbii ki, bu kimi hallar təqdirəlayiqdir. 

Kollektiv fəaliyyətlə, fərdi fəaliyyət tamam fərqli anlayışlardır. Yəqin ki, çox rast gəlmisiniz ki, futbolda bir nəfərin səhvi bütün komandanın ayağına, adına yazılır. Eynilə, uğuru da həmçinin. Nəysə, sözü çox uzatmayım, sizi də yormayım. Gələk, əsas mətləbə.  

 

Bilmirəm indi yazacağım fikirləri necə qəbul edəcəksiniz, necə şərh edəcəksiniz, amma yazacam. Yəqin ki, növbə zamanı, hər hansı bir iş görüşməsi zamanı və ya restoran yerində, növbəni gözlədiyiniz halda, "mən qaziyəm", “mən şəhid qardaşı və ya yaxınıyam" deyib, növbəni əzən və ya o addan istifadə edib nəsə etmək istəyənlərlə mütləq ki, hər biriniz rastlaşmısınız. Ölkəmizdə onsuz da şəhid, qazi ailələrinə diqqət, qayğı yüksək səviyyədə həyata keçirilməkdədir. Bəzi "düşüncə" sahibləri yaradılan şəraitdən istifadə edib, özlüyündə nəyəsə nail olmaq istəsələr də, anlasınlar ki, bu heç də kənardan yaxşı görünmür. Birinci növbədə, "Silahlı qüvvələr" adına ləkədir. İkinci növbədə isə yaranan bu hal, fərdi xarakter daşıyan cılızlıq əlamətidir. Şüurlu şəkildə düşünən olarsa, heç bir halda deyilməz ki, mən filan şeyləri etmişəm, indi də elə və ya belə olmalıdır. Bu cür duyğularla xalqın həssas nöqtələrinə toxunaraq, onu manipulyasiya etmək qətiyyən doğru deyil. Ağlınızda, bəlkə də, sual yaranır ki, niyə belə deyirsən, onlara niyə əks mövqedə dayanırsan ?

Sizi qətiyyətlə əmin edə bilərəm ki, ağlımın heç ucundan belə keçmir ki, mən onlara qarşı mənfi, əks fikirdə dayanım. Mənim də ailəmdən müharibə iştirakçısı, qohumlardan şəhid olanlar, dost tanışdan şəhid olanlar var. Özüm "44 günlük" müharibə zamanı gələn şəhidlərin qarşılanmasında dəfələrlə iştirak etmişəm, informasiya müharibəsində az da olsa fəallıq göstərmişəm. Niyyətim bunları deyib, mənə hər hansı bir rəğbət göstərmənizə nail olmaq deyil, əsla. Əgər, bir gün hansısa dost, tanış, qohum öz işlərini görməkdən ötrü, "şəhid, qazi, valideyn" statusundan istifadə edəcəksə, o zaman həmin şəxs mənim gözümdə ən cılız adam cildində görünəcəkdir. Bu və bu kimi statuslardan istifadə etmək, birmənalı şəkildə "ikiüzlülük, yaltaqlıq, cılızlıq" kodeksidir. 

Müharibə vaxtı silahlı qüvvələrin hər bir fərdi elə bir şücaət nümayiş etdirmişdi ki, ermənilər belə onlardan danışırdılar:

- Biz bunu filmlərdə görmüşük. Güllə ilə vururdun, yenə dayanmırdılar, qan axa-axa yenə durub üzərimizə gəlirdilər, bir zoombi kimi. 

İndisə, düşünəndə ki, hər hansı bir istəyinə, işinə nail olmaq üçün cılız addımlardan istifadə edilir, o zaman söylənilənlərə qarşı göstərilən təəccüb, qürur avtomatik heç bir əhəmiyyət kəsb etmir. Bir neçə şüursuz, iradəsizin belə etməsi, yüzlərlə silahlı qüvvə nümayəndəsinin ümumi nüfuzuna ləkədir. Axı, onlar bizim illərlə gözlədiyimiz zəfəri, şanı bizə bəxş ediblər, indisə belə hallarla rastlaşmaq həqiqətən utancverici bir haldır. Eyni zamanda bilərəkdən və ya bilməyərəkdən atılan provokasiya addımlarıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.