“Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur” Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yardımlı rayonu Dünya xəritəsində noxud boyda yer tutan Azərbaycan Respublikasının ərazisində nöqtə kimi görünür, bəlkə də heç görünmür. Onu təqdim edən, necə deyərlər, aləmə tanıtdıran ovladları olub və var. Onlardan biri- tarix elmləri doktoru, professor Fəzail İbrahimli haqqında söhbət açmaq istəyirəm...

 

“Vahid Əzizin yaradıcılığının zirvəsi hesab etdiyim bir şeiri var. Mənə 100 il ömür arzulamayın. Mənə arzulayın ki, qapını özün durub aça biləsən, əyilib ayaqqabılarını geyinməyi bacarasan və sairə. Nə qədər ki ayağı yer tutur,  sərbəst yaşadığı günə qədər tanrı insana ömür versin. Yoxsa ki, insan özünü idarə edə bilmirsə, bu yaşamaq deyil, sürünməkdir. Allahdan arzu edirəm ki, nə qədər ömrüm varsa, o ömrü də yaşayım, sürünməyim. Düşünürəm ki, insan ömrünü sağlam yaşamalıdır. Elə yaşa ki, adın çəkiləndə övladların fəxr eləsin. Həmişə Allahdan razı olmuşam. Övladlarım, ailəm, məni əhatə edən qohumlarım var. Ən əsası isə millətimin xoşbəxtliyidir.”- söyləyir...

Fəzail İbrahimli kiminsə xoşuna gəlməyə bilər, amma özünəməxsus prinsipləri olan kişilərdəndir- qərar verdisə, demək fikri qətidir, hökmən əməl edəcək. Xarizmatik adamdır. Belə insanların qaydaları da mərdanə olur. Doğrudur, onlarla dostluq etmək çətindir, amma bilirsən ki, heç zaman arxadan zərbə vurmazlar. Necə deyərlər, kişi adamlardır, üz-üzə döyüşməyi bacarırlar...

Artıq beşinci dəfədir ki, Xalq şairi Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Patiyasından parlamentə deputat seçilib...

Deyir ki,- “Müqayisə edək. Sovet dövründə qonşu kənddən bir traktorçunu SSRİ Ali Sovetinə deputat seçdilər. Bu traktorçunu geyindirmək çətin problemə çevildi. Bunun boynuna qalstuku vururdular, bu çıxarıb atırdı. Buna qalstuk vurub Moskvaya aparmaq üçün xüsusi adamlar təyin etdilər ki, axıracan bu qalstuk boğazında olsun. Yaxud bir sürücünü. O dövrün ideologiyasına baxanda bu gün Azərbyacan parlamentinin hər bir üzvü  kifayət qədər sözünü deyə bilən, danışa bilən insanlardı. Bunların cəmiyyətdə yeri, bunların məntiqi, seçicilərlə münasibəti, cəmiyyətin bunlara münasibətini eyniləşdirmək olmaz. Bir ailədə beş nəfər övlad varsa, bunun ikisi alim, ikisi də fəhlə, hələ içərisindən bir narkoman da çıxa bilir. Bu da bir cəmiyyətdir. Bunun yaxşısı, pisi də, savadlısı, savadsızı da var. Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur. Tarixçinin dili onun silahıdır. Riyaziyyatçının fikri, düşüncəsi onun silahıdır. Ona görə də hərə öz sahəsində. Bu məsələdə məni bir az qane etməyən məqamı deyim. Bəzən görürsən ki, parlamentdə deputatla bağlı məni qane etməyən cəhət odur ki, bəzi insanlar parlamentə seçiləndən sonra bunlar elə bilirlər ki, hər şeyi bilirlər. Bəzən görürsən ki, kənd təsərrüfatı mütəxəssisi daha çox ideologiyadan danışır. Kənd təsərrüfatı ilə bağlı məsələlər olanda bir də görürsən ki, çıxışa tarixçilər, jurnalistlər yazılıb, özü də birinci. Hüquq məsələləri ilə bağlı olan zaman digər peşə sahibləri danışmağa icazə istəyirlər. Bu məsələləri keçən çağrışda da, ilk Məclisə gələn deputatlara da şamil edirəm. Nə yaxşı ki, bir- iki il keçəndən sonra hər şey öz qaydasına düşür. Sonda mütəxəsislər öz sözlərini deyir və bu da müzakirə olunan məsələnin taleyinə təsir edir.”

Haqqında danışdığım Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Bir müddət doğulduğu kənddə müəllim işləyib. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda BDU-nun Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Deputat olduğu müddətdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. 2021-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib...

Bəli, Fəzail İbrahimli öz prinsipləri olan- məğrur, sözübütöv, mərd, verdiyi sözə əməl edən  kişilərdən biri, varlığı ilə el-obasına başucalığı gətirən ziyalılardandır.

Onun 73 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.