Çox təhlükəli istiqamət və AZƏRBAYCAN GÜNDƏLİYİ Featured

 

 
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün


Bu gün Brüsseldə Avropa Birliyi–ABŞ–Ermənistan üçlü görüşü keçirilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı üçlü görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, öncədən fərqli qaynaqlarda hərbi məsələlərin də gündəmdə olacağı xəbəri yayılıb. 

Əgər hərbi məsələlər müzakirə olunursa, bunun ilk növbədə kimə qarşı olduğunu kim bilmir? Ermənistanda əvəzçıxma sevdalılarının olduğunu da bilməyən yoxdur. İşin əcaibliyi yalnız bunda deyil; iş ondadır ki, əsasən rusiyayönümlülər kimi tanıdılan (Köçəryan-Sarkisyan klanını, “Daşnaksütyun”ü və bu kimi digər idbar “qüvvələr”i əhatə edən) əvəzçıxma sevdalıları ilə Qərbyönümlü, “Soros yetirməsi” kimi tanıdılan Paşinyan hökuməti və (onun patronu sifətində sabitləşməkdə olan) Qərb institutları, budur, çəkici bir yerə vurmuş kimi görünür. Qərb də, Rusiya da, hələ bunlar azıymış kimi, vİran da Ermənistanı gücləndirmək istəyir. vİranın ikiüzlü, çoxüzlü siyasəti davam və inkişaf edir. Paytaxtında və digər ərazilərində “Yeni Naxçıvan” adlı erməni milli-ruhani mərkəzlərini barındıran Kreml zehniyyəti ilə bağlı məsələ də aydındır. O da aydındır ki, Brüsseldə yeni qucaq arayışlarını normativləşdirməyə çalışan Paşinyanın “29,8 kv.km ərazi”sinin sınırlarını ermənilər özləri qorumur; sınırlarında Rusiya hərbçilərinin durması bir yana, məlumunuz Gümrüdə böyük rus hərbi bazası var. Həmin – 102-ci Rusiya hərbi bazası (Ռուսաստանի 102-րդ ռազմական բազա; 102-я Российская военная база) 30 il öncə Rusiya Müdafiə Nazirliyinin direktivi ilə yaradılıb. Keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılan hərbi bazanın şəxsi heyətinin hazırda 4 min nəfər olduğu bildirilir. Bazanın döyüş heyəti Gümrü və İrəvan qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonunda isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı var. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji qoruma taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, televiziya mərkəzi və s. fəaliyyət göstərir. (Bunlar mətbuata açıq qaynaqlardakı bilgilərdir).
Bir qədər detallı bilgiləri paylaşarkən, yadımıza salaq:  II Qarabağ müharibəsinin gedişində işğalçıların mühəndis-istehkam baxımından yetərincə möhkəmləndikləri, motoatıcılarının, minaatanlarının, tank əleyhinə divizionlarının özlərinə görə çox hazırlıqlı olduğu, habelə düşmənin ağ fosfor tərkibli sursatlardan və s. istifadə etdiyi bəlli olmuşdu. Mən bunları xatırladarkən, 102-ci hərbi bazanın işğalçılara töhfələrini nə təkzib, nə təsdiq edə bilmirəm. (Rusiya 2020-ci ilin yayında Xəzər və vİran üzərindən Ermənistana intensiv olaraq hərbi təyinatlı yük daşımalarını guya 102-ci bazanın cari tələbləri ilə izah etmişdi. Təbii, biz inanmamışdıq, bu gün də inanmırıq. Bu öz yerində). Ancaq onu bilirəm ki, Ermənistanın etibarsız siyasəti onu Rusiya ilə Qərb arasında çəpdişli çarxlar altına salarkən, bundan bütün Qafqaz, yaxın ölkələr də zərər görəcək. Qonşunun qışdan yanan evi bizim evi isitməz. Hərçənd Ermənistan nə qonşu kimi qonşu, nə də dövlət kimi dövlətdir...
Prezident İlham Əliyevin aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, keçmiş Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən vurğuladığı kimi, hazırda dünyada, o cümlədən Güney Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Güney Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.
Onuda xatırladaq ki, dünən Türkiyə XİN Brüssel uçlü görüşünü (haqlı olaraq) pisləyən Açıqlama ilə çıxış edib. Bundan az öncə İtaliya XİN Fransa XİN-in anti-Azərbaycan mövqeyini sərt tənqid etmişdi.
Brüssel üçlü görüşündən danışarkən, Antoni Blinkenin, Ursula Fon der Lyayenin Paşinyanla görüş günündən öncə Prezident İlham Əliyevə zəng etməsini də xatırlatmalıyıq. ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti Azərbaycan ictimai fikrində yaranmış haqlı narahatçılığı keçişdirməyə çalışsa da, habelə, Brüssel görüşü barədə ilkin  açıqlamalarda iqtisadi dəstək faktoru qabardılsa da, axı biz hansı irslərinə, təcrübələrinə əsaslanaraq onlara inanmalıyıq?..
Budur, Brüsseldən xəbərlər gəlir. Ermənistan məgər ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırmış... – Bunu Paşinyan deyib. O, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün bölgəsəl kommunikasiyaların (blokunun) açılmasının tərəfdarı olduqlarını bildirib. Sınırların delimitasiyasına da toxunan Ermənistanın Baş naziri məhz bəlli Almatı Bəyannaməsinə istinad edib. Etsin etməyinə amma Ermənistanla bizim aramızda yığılıb qalmış problemlər Almatını aşar. İlk növbədə, ona görə ki, Almatı Bəyannaməsindən sonra Ermənistan elə müharibə cinayətləri, soyqırım aktları törədib, elə hoqqalardan çıxıb, o Bəyannaməni elə heçə sayıb ki, indi 33 il sonra o sənədə istinad etməyə ən azı mənəvi haqqı (ümumiyyətlə haqqı) yoxdur! İşinə yarayanda Almatı Bəyannaməsi, yaramayanda işğalçılıq siyasəti?..
  
“Biz sülhün olduğu Güney Qafqaz istəyirik”. – Bunu isə ABŞ Dövlət katibi Blinken bildirib. – “Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh ortamında yaşamasını, region ilə əlaqələnməsini istəyirik. ABŞ və AB bu səylərinin həyata keçməsində tərəfdaşdır”. Sülh ortamı üçün tərəflərdən birini gücləndirmək ədalətli yanaşmadırmı? – Sual olunur, ABŞ, AB Ermənistanı nəyə hazırlayır, onun qonşulara (Azərbaycana, Türkiyəyə) hansı problemləri yaradacaq qədər güclü olmasını istəyirlər?
 
Blinken Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə yatırım qoyduqlarını da açıqlayaraq bildirib ki, bu məqsədlə 2023-cü ilin büdcəsindən 65 milyon dollar ayrılıb. – Pul onların, qərar onların – bunları bilirik; bilmədiyimiz budur ki, birtərəfli, ikilistandartlar tətbiq edərək, iki tərəf arasında hansı meyarla, hansı ədalət tərəzisi ilə vasitəçi olmağı düşünürlər? ABŞ “Azadlığı müdafiə aktı”na adıyaman 907-ci düzəlişi qəbul edən, qondarma “erməni soyqırımı”nı tanıyan ABŞ deyilmi? Ermənistanda baş verən gerçək cinayətlərə, hüquqsuzluqlara göz yuman, ancaq Azərbaycanın gözündə tük axtaran ABŞ (və AB) deyilmi?
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayarkən, Ermənistanın vİranın uzunmüddətli, səmərəli dəstəyi ilə barındığını, Rusiyanın forpostu olduğunu, eləcə də,  30 illik işğal dönəmində Qarabağı talan edib Ermənistana (və vİrana) daşıdıqlarını hansı üsulla “unudub”?..
 
Blinken onu da deyib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli sabitliyi, çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir”. Xub! – Amma Ermənistana öz xoşu ilə rahat keçən bir ovuc erməni üçün belə həssasiyyət, diqqət-qayğı göstərən ABŞ, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə münasibətdə həmin həssasiyyətin dörddə birini göstəribmi? – Göstərmədiyini bilə-bilə, Azərbaycanda ədalət mücəssiməsi kimi qəbul edilə bilərmi? BMT-nin Təhüləkiszlik Şurasının daimi üzvü, NATO-nun qurucu üzvü, nüvə dövləti, güclü istisadiyyata malik bir ölkə nə üçün bunca cılız davranmalıdır?..
Bəlli olduğu kimi, dünən (aprelin 4-ü) Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Bu əlamətdar Beynəlxalq Günlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi bir Açıqlama yayınlayıb. Elə bir açıqlama ki, sanki Azərbaycan ərazilərindəki minalar ya təbii şəkildə özü yetişib ya da yadplanetlilər xəlvətcə basıdırıbmış biz bilməmişik... Bəli, dünən belə bir dayaz açıqlama verən, ErMİNAstanın (Terroristanın) adını çəkməkdən “çəkinən” ABŞ, bu gün Brüsseldə Ermənistanı ballayıb-bələməkçün AB ilə birgə görüş keçirir...
 
ABŞ Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərinin işğalçılar tərəfindən kütləvi minalanması, Ermənistan hökumətinin mina yerləri ilə bağlı bilgiləri bölüşməkdən imtinasına nə əcəb vurğu etməyib?
ABŞ işğal altında olmuş ərazilərin kütləvi minalanması probleminin, hazırda mülki şəxslərin təhlükəsizliyi, yaşayış imkanları üçün ciddi təhlükə olduğunu önəmsimirmi?
  
*
Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib; Çavuşoğlundan  iki gün öncə (02.04.2024) isə Türkiyə Cümhurbaşqanlığının Müdafiə Sənayesi Komitəsinin başqanı Haluk Görgünün başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda olmuşdu. Əlbəttə, bu görüşlər, səfərlər təsadüfi deyil, hər birinin özünəxas məzmunu, məna dərinliyi, üfüq genişliyi vardır.
Bu günsə bəlli oldu ki, Azərbaycan-Quzey Kıprıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. – Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”
(05.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.