Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Nə vaxtsa dünyasını dəyişən yaxşı insanları unutmaq olmaz. Onların hər biri haqqında tez-tez söhbət açıb gənclərə nümunə göstərmək lazımdır. Axı yaxşı insanlar haqqında söhbətlər yeni nəsilə örnək olduğu kimi, yaxşılığın da yaşaması deməkdir...
Bu gün sizə yaxın keçmişdə yaşamış bir yaxşı insan barəsində söhbət açmaq istəyirəm. Yazıçı, publisist, tərcüməçi Əlfi Səhlik oğlu Qasımovdan...
1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdu. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdi. 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnmişdi...
Ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə- filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun “Adilənin taleyi” povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırırdı..."
O, müxtəlif illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifələrində çalışıb. 1966-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi idi.
Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olub. Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub, sonradan universitetdə oxuduğu illərdə isə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib. İlk kitabı 1954-cü ildə çıxan “Ərimizin ətəklərində” adlı oçerklər kitabı olan Əlfi Qasımovun müxtəlif mövzularda maraqlı hekayələri- “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestləri çap olunub və o, zəmanəsinin tanınmış yazıçılarından, jurnalistlərindən biri kimi tanınıb.
Ötən əsrin 6-cı, 7-ci onilliklərində Azərbaycan ədəbiyyatında sənədli bədii janrın inkişafında onun xüsusi xidmətləri vardı. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçərək öz istedadı ilə daha da zənginləşdirirdi. Eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlika bir arada öz təbii ifadəsini tapırdı. Görkəmli yazıçı Hüseyn Abbaszadə Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı: “Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub gedib və ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir.”
Akademik Bəkir Nəbiyev isə onu belə xarakterizə edirdi: “Əlfi Qasımov ünsiyyət sevən, qayğıkeş insan idi. Bizdən yuxarı kursda oxusa da heç vaxt bizə yuxarıdan aşağı baxmazdı. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan Bəxtiyar Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardı. Ümumiyyətlə, “Əlfi” sözünü araşdıranda bir mənası da ülfətə aparıb çıxarır. Görünür, ad qoyan valideynləri yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq cəhətdən ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə bir-birimizə yaxınlaşıb məhrəm olmuşduq…”
Mehriban, istiqanlı, ünsiyyətcil adam idi. Heç kimin qəlbinə dəyməz, özündən yaşca kiçikləri həvəsləndirməkdən zövq alırdı. Akademik Bəkir Nəbiyev daha sonra yazırdı: “Əlfi Qasımovun on beş nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən “Vətən çağıranda” adlı bir kitabı var. Bu kitab həmin qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayələrdən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb. Təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda və yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq lazımdır.”
Yenə də Rəhilə xanımın xatirələrindən: “Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. Təkcə mənimlə, balaları ilə yox, həmkarları ilə də son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə “Qara qız” deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı..."
Yaz gəlib, ağaclar tumurcuqlamağa başlayıb. Haqqında söhbət açdığım dünyanın ən yaxşı adamlarından biri- Əlfi Qasımov 1985-ci ildə, yazın əvvəllərində dünyadan köçüb...
...Dünya pislərlə doludur, amma nə gözəl ki, yaxşı insanlar da az deyil. Onlar olmasaydı, görəsən bu dünyada yaşamağın mənası olardımı?
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)