Aprel ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.
“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, ANAİB sədri, Naşirlər Forumu və Oxu Gününün layihə rəhbəri Şəmil Sadiq qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək: “5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı bu layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır”.
Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.
Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq sərgidə möhtəşəm proqram, çoxçeşidli kitabların satışı baş tutacaq.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.
Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)