“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Şəmil Sadiqin “Kimdir müəqəssir?!” adlı qeydlərini təqdim edir.
O gün elə bil göydən isti leysan tökürdü... Badamdır qəsəbəsinin yeni qurulmaqda olan tozlu-torpaqlı yollarında həmişəki kimi başımı aşağı salıb öz tempimlə dayanacağa doğru gedirdim. Mən xəyallarla, arzularla yaşayan adamam, bəlkə də hamı belədir, amma mənə elə gəlir ki, nəyisə düşünmədən, planlamadan yaşamaq olmaz. Ağlıma bir fikir gəldisə, onu o qədər o tərəf bu tərəf edirəm ki, bəzən xəyallarımda işin son nöqtəsini qoyana qədər gecələr yuxum da qaçır. Özümü sancı çəkən analara bənzədirəm, dünyaya yeni bir övlad gələcəkmiş kimi məsuliyyətli hiss edirəm. Yenə həmin günlərdən biri idi. Yeni kitabım çıxacaq, necə satılacaq, ondan gələn gəlirlə həyətimin hasarını tikəcəyəm, imkan olsa bir 06 markalı jiquli alacağam ki, işə gedib-gələndə dayancaqlarda, avtobuslarda vaxt itirməyim. Müəllimliyin ağır bir peşə olduğu məndə sadəcə dolanışıqla bağlı idi. Yenicə doğulmuş bir oğul sahibi olan gənc bir ailə. Beynimi məşğul edən sadəcə güzəranımı bir az düzənə salmaq idi. Hər ay aldığım 20 şirvan maaş yetmirdi, üstəlik ayda bir o qədər də atam göndərirdi dolanışıq üçün. Yenə də iki toydan birinə gedir, bu aydan o aya cibi təmiz çıxırdıq. Ona görə də yeni yazdığım vəsaitə gözümü dikmişdim. Necə satılacaq, neçəsi satılacaq... Halbuki kitabı çap etməyə belə vəsaitim yox idi. Onu hardan tapacağımı heç bilmirdim, amma bir onu bilirdim ki, bu kitab mənim həyatımı dəyişəcək. Ona görə də xəyalımda kitabı çap etmiş, satmış, çox pul əldə etmiş və hətta maşını da almışdım.
Belə fikirli olanda adamın addımları da sabit və ritmli olur. Bu dəm düz yanımda bir xarici maşın dayandı, sanki yolumu kəsirdi. Dayanan kimi də bir yaraşıqlı gənc düşüb, müəllim salam, “hara gedirsiniz, gəlin mən götürüm sizi” dedi. Üzünə baxan kimi tanıdım, bu 8-ci sinifdə bir il dərs dediyim mavi gözlü, sarışın, qırmızı yanaqları olan Fəxi idi, yəni Fəxrəddin. Mən yerimdə donmuşdum, nə deyəcəyimi, necə edəcəyimi bilmirdim, amma Fəxi özünü o yerə qoymadan qabaq qapını açıb, buyurun müəllim dedi. Başqa çarə yox idi. Bu maşına minməli idim, sonu nə olur-olsun. Qəribə bir həyəcan, özünü müdafiə hissi formalaşmışdı. Axı mən də kişi idim, kişilik qüruru imkan verməzdi ki, başqa hərəkət edim. Sakitcə maşına mindim, özümü həyəcanlı göstərməmək üçün hərəkətlərim də qeyri-ixtiyari idi. Sağ əlimlə qapının üstündəki tutacaqdan tutdum və sonunu gözləməkdən başqa əlimdən bir şey gəlmirdi. Səbəbi də o idi ki, Fəxi ilə bizim son görüşümüzdə, yəni dərsdə Fəxi qapıya bir təpik vuraraq getmiş, sonra da dönüb uşaqların yanında mənə demişdi ki, “gözləyin gələcəyəm”. O gündən bu günə hardasa 5-6 il keşçmişdi, o gedişdən sonra nə mən Fəxini görmüşdüm, nə də o məni. Ona görə də oturduğum yerdə Fəxi məni davayamı aparacaq, döyəcəkmi, bilmirdim. Çünki məktəbdən çıxmasına səbəb mən olmuşdum. Bu vicdan əzabı o qədər sıxırdı ki, onunla söhbət də edə bilmirdim, amma Fəxi dilli-başlı uşaq idi əvvəldən, ona görə də söhbəti o açdı:
-Necəsiniz ee, müəllim, məktəb dəyişib, yoxsa yenə həmin məktəbdir?
-Dəyişən sadəcə şagirdlərdir, bir sinif gedir, yeni sinif gəlir.
-Deyəsən direktorumuz da dəyişib.
-Hə, nazirliyə getdi, Tələt müəllim, indi əvvəlki müdir müavinidir.
-Ay müəllim, qadınlardan müəllim olmaz ee, direktor isə heç. Müdir müavini olanda nə etdi ki, direktor olub, nə etsin.
-Nə bilim vallah, hələ ki yaxşı başlayıb, görək da. Amma pis adam deyil axı, niyə elə deyirsən.
-Müəllim, yaxşı adam olmaq, o deyil ki, yaxşı direktor da olacaq. Oğlu vəzifədədir, yəqin yaxşıca pul veriblər. Düz, demirəm, sizcə?
-Sən deyirsənsə, düz deyirsən, -deyə kiçik bir replika etdim. O da həmin dəqiqə anladı, -Ay müəllim, siz də... Həmin Fəxi deyiləm ee, dəyişdim. Tarixdə oxuyuram, ailənin bütün çətinlikləri mənim üzərimdədir, həm də işləyirəm artıq. O Fəxidən əsər-əlamət qalmayıb, - deyə, yön işiğına çatanda sürət çarxını dəyişib, maşını yavaşlatdı.
-Məktəbə gedirsiniz yəqin?
-Hə, Fəxi burda düşəcəm.
Fəxi maşını saxladı, endi, əl verib sağollaşdı. Cüssəli, idmançı əlləri ilə kişi kimi sıxdığı əlimi buraxmadan, dedi:
- Ay müəllim, mən sizə təşəkkür edirəm, bu gün mən beləyəmsə sayənizdə beləyəm. Siz olmasa idiniz, bəlkə hələ də avaralanırdım. Başqa yerdə idim. Amma sayənizdə mən həyatı dərk etdim. Anladım ki, hər şeyi pulla həll etmək olmaz, başqa məktəbə gedəndə atam dedi ki, məni unut, bir daha arxanda olmayacağam, sən məndən suiistifadə etdin, biabır etdin. Ondan bir neçə il sonra da infakrtdan getdi, pulunun dostları aradan çıxdı, imkanlarımız aşağı düşdü, mənsə anamın sayəsində oxumağa başladım. Siz mənə böyük dərs verdiniz, həmişə minnətdar olacağam, yoxsa ki, ordakı bəzi müəllimlər pulumuzu alıb, məni bədbəxt edəcəkdilər....
Fəxi sağollaşıb, getdi. Mənsə arxasınca baxırdım. Bəzən elə uşaqlara, elə ailələrə yaxşılıq edirdim ki, sonradan bir sağ ol da deyən olmurdu, amma Fəxi... Fəxi ona etdiyim pisliyin qarşılığnda belə etmişdi.
Yəqin ki, sizə də maraqlı olar, Fəxiyə etdiyim pislik nə idi... Gəlin danışım, qərarı siz verərsiniz, bu yaxşılıq idi, yoxsa pislik.
8-ci siniflərə dərsim idi, yeni girmişdim bu sinfə, ikinci rüb hələ də bitməmişdi. Sinfə girdim ki, zəng vurulsa da, hay-küydür, heç kim yerinə oturmayıb. Oğlanlar bir küncdə zarafatlaşırdı, birdən aralarında nəsə oldusa, Fəxi ucadan, yalançının var yoxunu ... deyərək söyüş söydü. Səsi elə ucadan gəldi ki, hamı dönüb baxdı və məni də görcək sakitləşdilər. Amma mən necə əsəbiləşdimsə, Fəxiyə tərəf gedib, qulağının dibindən yaxşı bir sillə vurdum. Ağappağ uşaq olduğundan barmaqlarımın izi belə üzündə görünürdü. Fəxi sillənin təsirindən və özünü itirmiş halda oturdu. Hamı susmuşdu... Çünki Fəxiyə bunu heç kim edə bilməzdi. Çünki heç dərslərə də düzəməlli gəlməyən bir uşağa, 8-ci sinif olmasına baxmayaraq məktəbə maşınla gəlib gedən, uşaqların dili ilə desək, məktəbin “palajeniyasına” baxan bir uşağa, atası yüksək vəzifədə olan bir uşağa bunu necə etmək olardı? Açığı mən də Fəxidən yığmışdım, dərslərə kefi istəyəndə gəlir, sinfi pozur, dava-dalaş salıb gedirdi. Birinci rübdə də valideyninə xəbər edib güzəştli bir üç yazmışdım. Söz vermişdilər ki, bu rüb oxuyacaq. Hətta anası 3 yazmağım üçün bir zərf də yollamışdı, o zərfin sonrakı taleyini bilməsəm də, sinif rəhbəri ilə geri göndərmişdim... Bunların da acığı yığışıb qalmışdı deyə, bu hadisədən istifadə edib ürəyimi boşaltmışdım. Fəxi yeniyetmə, boylu-buxunlu, idmançı bir uşaq idi. Açığı işıqlı uşaq idi, bir az şirindil olsa idi, çox istəmək də olardı. Çünki simpatik bir uşaq idi. Fəxi bir neçə dəqiqədən sonra qəfil yerindən durdu və qapıya bir təpik vurub getdi, sonra geri qayıdıb, gözləyin gələcəm, dedi. Həmin dərsin necə olduğunu təsəvvür edin. Uşaqlar kefsiz, mən əsəbi və qorxu hissi ilə.. Çünki böyük səhv etdiyimi bilirdim, yeniyetmə bir gəncə bunu etmək böyük qəbahət edi. Amma ki, müəllim də insandır axı... Bəzən özünü idarə edə bilmir, özündən çıxır. O gündən bir neçə gün məktəbin həyətində, dəhlizlərdə, küçədə çox ehtiyatla gəzir, hər an Fəxinin gələcəyini gözləyirdim.. Amma gəlib məni bu nigaranlıqdan qurtarmırdı ki, qurtarmırdı....
Bir neçə gündən sonra məktəbin “Vorzakonları” dərslərimin birindən məni icazə istəyib çağırdılar. Dəhlizə çıxdım, nə baş verdiyini soruşdum. Mübariz dedi ki, müəllim, gəldik sizə təşəkkür edək, üzr istəyək Fəxinin adından. Niyə dedim, dedilər bilirsiniz, bu söhbət başqa cür bitəcəkdi, amma Fəxi günahkar olduğunu dedi, hətta gözü göyərmişdi də, ona görə atasına da vəziyyəti izah etdik. Qızlar bizim bacımızdı, onların yanında söyüş söymək düzgün deyil. Ona görə də siz “prav”sınız, Fəxini bağışlayın. Əlini də çiynimə vurub, biz sizin kişiliyinizi bilirik müəllim, narahat olmayın deyib, getdilər.
Fəxi həmin rüb gəlmədi və mən 2-sini yazdım. 3-cü rübdə belə oldu, yenə ikisini yazdım. Amma 4-cü rübə də 2 yazsa idim, sinifdə qalmalı idi. İki yazacağıma da israrlı idim. Nə qədər xahiş-minnət olsa da, yox dedim. Hətta sinif rəhbəri yenə araya girdi, anası deyir, nə lazımdırsa edək, 3 yazsın, yenə yox dedim, bəzi müəllimlər mənə təşəkkür etsələr də, bəzilərinin çörəyi kəsilmişdi deyə, üzümə qanlı-qanlı baxırdılar, hətta məni vicdansızlıqda günahlandırırdılar. Amma xeyri yox idi, dərsimə gəlməyən uşağa 3 yazmayacağımı dedim. Söhbət direktora da gedib çıxmışdı, o da demişdi ki, mən Kamil müəllimə heç nə deyə bilmərəm bu haqda. Necə bilir, elə də etsin. Amma olmamışdı, Fəxinin vəzifəli atası məktəbə gəlmişdi, direktor da məni o aman yanına çağırdı, atası ilə tanış etdi. Ata uşağın adından üzr istədi, bir də belə olmaz filan, xeyli söhbət etdi, dinlədim, bir az yumşalmışdım açığı. Yenə dəli şeytan dedi ki, yox ee, dediyindən dönmə. O zaman dedim ki, bir şətrlə 3 yazaram, məktəbdən çıxarın. Sanki direktorumuzun ürəyindən cavab vermişdim. Ata çarəsiz, heç nə deyə bilmirdi. Bu zaman direktor söz verdi ki, siz 3 yazın, məktəbi dəyişəcəklər, iki yazsanız sinifdə qalacaq, bu da düzgün deyil. Beləcə razılaşdıq, yaxındakı başqa bir məktəbə keçirdilər və mən də 3 yazdım...
Bəli, Fəxi ilə bizim hekayəmiz belə olmuşdu. Qapıya təpik vurub “gözlə gələcəyəm” deyə gedən Fəxi dönmüşdü, bu dəfə güllə-çiçəklə...
Biz müəllimlər yaxşı biliriik ki, dərs vermək yalnız həqiqi mənada olmur, həm də məcazi mənası var və bu dərs heç bir kitabda, heç bir metodiki vəsaitdə yazılmır, bu müəllimin təcrübəsindən, bacarığından və bəzən isə gördüyünüz kimi təcrübəsizliyindən də yarana bilir.
Fəxi də sonda mənə dərs vermişdi, həm də yaxşı bir dərs! Bir müəllim olaraq bu dərsi unutduğum gün müəllimlik fəaliyyətimin sonu demək olacaqdı…
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)