Əli Çağla, “Ədəbiyyat və incəsənət”in Güney təmsilçisi
Yazılarımın o qədər dəyəri, gücü olmadığını bilsəm də, özümə bunlar ilə birtəhər toxtaxlıq verib həyatla mübarizə aparıram. Yazanda rahatlaşıram.
Yazanda sevdiyim kimi yaşadığımı hiss edirəm.
Yazanda qürurum daha çoxalır.
Yazanda hələ gənc olduğumu təsdiqləyirəm. Yazanda Azərbaycan ədəbiyatının gələcəyini düşünürəm. Bir dəfə babam "Gəncliyimdə Türkcə, Azərbaycanca kitablar alıb oxuyardım, bir dəfə kitablarımın birini Pəhləvi rejiminin adamları xiyabanda əlimdən alıb zibil qutusuna atdılar. Gənc idim, ürəyim tutuldu, evə qədər gözümün yaşını saxlaya bilmədim. Sonra dedim ki, biz Təbrizdə, Azərbaycan dilini qoruyub-yaşadan son nəsilik. İndi isə səni görürəm, gənc dostlarını görüb daha çox fərəhlənirəm." - dedi.
Bir gəncin zövqünü necə ayaqlaya bilərlər? Pəhləvi dövründə babamın kitabını zibil qutusuna atmışdılar, indi isə mənim və mənim kimi gənclərin kitabına çap izini vermirlər.
Böyük təəssüflə yenə də "Balıqsız dəniz" romanıma çap izini vermədilər.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)