Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Kim bilir, bəlkə də dünən yanımızdan ötüb keçən, o sadə kişi, iki yüz il bundan sonra bəşəriyyətə yenilik gətirəcək bir adamın ulu babasıdır? Bəlkə də iki yüz il bundan əvvəl yaşamış xeyirxah bir insanın kötücəsidir, kim bilir? Axı bu dünyada təsadüfi adam yoxdur, hər kəs öncədən varlığına yazılan təyinatını icra edir...
1959-cu ildə Şərur rayonunun Püsyan kəndində, Əbil Qasımovun ailəsində oğlan uşağı dünyaya gələndə, o da oğlunun böyüyüb kim olacağından xəbərsiz idi. Adını Cəlal qoyub öz halal süfrəsində əzizləyə-əzizləyə böyüdürdü. Cəlal oxuyub orta məktəbi başa vurdu, sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdi. Daha sonra namizədlik, doktorluq dissertasiyalarını müdafiə etdi...
Sabirabad rayonunda sıravi dil-ədəbiyyat müəllimi işləyəndə də, vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olanda da, o, haradan biləydi ki, taleyi onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməyə aparır və çox keçməyəcək ki, ədəbiyyatşünaslığın, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın, bir neçə tədris proqramının müəllifi olacaq?
O, haradan biləydi ki, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, həmçinin DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi işləyəcək və polkovnik rütbəsinədək yüksələ biləcək?..
Akademik Nizami Cəfərov onu xatırlayarkən deyir:- “Filologiya elmləri doktoru, professor Cəlal Qasımovun təxminən iyirmi beş illik bir dövrü əhatə edən ardıcıl araşdırmaları haqqında cəsarətlə deyə bilərəm ki, bunlar Azərbaycan ədəbi ictimai fikir tariximizin öyrənilməsində ən mötəbər qaynaqlardan birini təşkil etməkdədir. Cəlal Qasımov özünün növbəti kitabını- “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər”i hörmətli oxuculara təqdim edərkən bu qədər zəngin faktları ortaya çıxarmaq üçün nə qədər böyük tədqiqatçı zəhməti çəkib, nə qədər toz basmış sənədləri vərəqləyib, nə qədər mübhəmləri aşkar edib öz yerində, ancaq mənsub olduğu xalqın taleyində hansı haqsızlıqlar olduğuna, onun intellektuallarına münasibətdə hansı kobud, vəhşi hərəkətlər edildiyinə, bağlı qapılar arxasında hansı qansız qərarlar çıxarıldığına da dözüb. Və Cəlal müəllimi yaxından tanıyan, onun tədqiqatçı obyektivliyi ilə yanaşı, milli təəssübkeşliyinə də yaxşı bələd olanlardan biri kimi, heç bir tərəddüdsüz deyə bilərəm ki, nə şahidləri “dinləmək”, nə də şəhidlərin halına acımaq ona asan gəlməyib...”
Bəli, o, Azərbaycan xüsusi xidmət orqanlarında çalışan ilk professor, eyni zamanda bu sahədə ilk polkovnik rütbəsi alan alim-zabit olub.
Təhlükəsizlik xidmətində çalışdığı müddətdə dövlətə və dövlətçiliyə sadiq vətəndaş mövqeyi ilə diqqəti cəlb edib. Bu təşkilatın tam məxfi və sirli arxivlərindən repressiya qurbanı olan görkəmli şəxsiyyətlərin sənədləri arasından toz basmış həqiqətləri üzə çıxarmağı bacarıb. O vaxt hələ bəzi “detekaçı”ların həzm edə bilmədiyi bu addıma görə qınansa da, xidməti zərurətlə bağlı qarşılaşdığı, uzun müddət əlçatmaz olan materiallar əsasında dövrü mətbuatda maraqlı yazılarla çıxış da edib, respublika arxilərində gecəli-gündüzlü gərgin tədqiqatlar aparıb və məzmunlu kitablar ərsəyə gətirə bilib...
“Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Calal Qasımovun Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Rza Şəmsizadə kimi Azərbaycan ədəbiyyatının korifeyləri, Nağı Şeyxzamanlı, Məhəmməd Şeyxzamanlı, milli generallarımız Naxçıvanski, Mehmandarov, Şıxlinski və başqaları haqqında həqiqəti əks etdirən qovluqların tozunu udaraq yeni bir faktı ortalığa qoyduğu zamanlarda onun sevinc hissinin ilk şəriki olmuşam. Deməyə çəkinməyəcəm, xudpəsəndlərin tikanlı atmacalar atdığı vaxtlarda bu böyük ürək sahibinə mənəvi dayaq durmağı özümə borc saymışam. Calal Qasımov bütün ömrü boyu heç nəyə baxmadan, heç kimə fikir vermədən öz işində olub. İkinci Dünya Müharibəsi illərində alman əsirliyində olan həmvətənlərimizlə bağlı mülahizələrində də, mühacir ədəbiyyatı mövzusunda araşdırmalarında da oxucusunu pafos və ehtiraslara yox, real düşüncəli vətəndaş mövqeyinə kökləyə bilib.”- bu kəlmələr isə, təqaüddə olan polkovnik Mahir Cavadlıya məxsusdur...
Martın 27-də Azərbaycanda elm və təhsil, martın 28-də isə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edildi. Haqqında söhbət açdığım Cəlal Qasımov həm elm adamı idi və həm də DTX-nın yüksək çinli zabiti. Artıq üç ildir ki, aramızda yoxdur. Necə deyərlər, bu dünyaya gəldi, öz təyinatını icra etdi və getdi. Ruhu şad olsun!..
Bəli, bəlkə də dünən yanımızdan ötüb keçən, o sadə kişi, iki yüz il bundan sonra bəşəriyyətə yenilik gətirəcək bir adamın ulu babasıdır? Bəlkə də iki yüz il bundan əvvəl yaşamış xeyirxah bir insanın kötücəsidir, kim bilir? Axı bu dünyada təsadüfi adam yoxdur, hər kəs öncədən varlığına yazılan təyinatını icra edir...
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)