Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb gedə bilərsən, oğurladıqlarınla birlikdə?
Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay adam, lüt zəngin, çoxbilmiş məcnun. Məsələn dəniz qırağını, dağı, meşəni çəpərləyən kəs, bunlar hardan, necə sənin olur? Ümumiyyətlə bir qum dənəsi, ağac yarpağı, 500- 1000 illik, nəhəng bir çinar necə sənin ola bilər? Eynşteyn qum dənəsinin sirrini aça bilmədi, Timiryazev fotosintezdən, Navaşin ikiqat mayalanmadan vəcdə gəldi.
Anlamaq üçün deyim ki, sən bütün bunlara necə sahib ola bilərsən? Nə yaratmısan, nə onu sənə veriblər, nə də ki, dərk edirsən, o nədir, niyə mövcuddur. Elə gəlib durub, yanında mənimdir deyirsən. Gör o nəhəng ağacda nə qədər yuva var, ağacdələn nə edir, milçəyi, arısı, göbələyi, qurdu- quşu var o ağacın. Sən də ən yaxşı halda onlardan biri...
Dünyada nə varsa ümumidir, bir- birləri və insan üçün yaradılıb, məxsusi tək bir fərd üçün deyil. Dənizi yaradan harda dedi ki, bunu sən adlı biokütləyə verib? Məsələn, günəş, ay, ulduz, hava, su... O dənizin adam udmağl da var axı..
Demək ki, meşəni zəbt edən, gücü çatsa, günəşi də torbasına atıb, "mənimdir" deyər.
Anlamır ki, öz ürəyini, böyrəyini görməyən, dərk etməyən, bir sözlə, sahib ola bilməyən bir kəs, özündə nə qədər görünən-görünməyən canlıların - mikroflora, mikrofauna, qurd, həşərat, virus oylağı daşıyan, nələrsə tərəfindən "çəpərlənmiş" bir kəs anlamır ki, bu dünyada heç nə onun ola bilməz, bu mümkün deyil axı.
Sənin onu götürüb getməyə yerin yoxdur, hara getsən, elə bu dünyanın içindəsən. Uşaq oyuncağının yanında durub, mənimdir deyən kimi, sən də dörd ətrafı özününkü bilərsən. Kresloda, bəzəkli otaqda oturub, zamanı həmişə o nöqtədə zənn edərsən, ruhən, düşüncə, danışıq və əməldə gicləyərsən, bicləyərsən, təkəbbürlü, guya ki, böyük filan olarsan, axıb öz kiçikliyinə dolarsan. Ancaq bir azdan Əzrayıl əmi gəlib deyər ki, "ta böyümüsən, at bu oyuncağı gedək, xötəy!".
Elə bu vaxt öz ən yaxınların tökülüşüb üstünə nəyin var əlindən alar, hətta paltarını soyundurub, dişin-zadın bahalıdırsa söküb, çıxardarlar. Deyim ki, sağ olsan, bərk- bərk paltarını, tumanını tutarsan... Təzədən ürəyin partlayar ki ayə, bu görməmişlər niyə belə edirlər…
Məzarın da ölçüsü "mənimdir" dediyin torpaq, meşə, dəniz və s. dən çox kiçikdir, çox.
Ancaq bu da sənin deyil, ümumidir, ilanı, çayanı var torpağın, qurdu, böcəyi var yerin- yurdun...
Yerdə və göylərdə hər nə varsa ALLAHA məxsusdur.
Bu dünyada insanın şəxsən özünə məxsus, onun olanı mənəviyyatı, elmi, ALLAHA inamı ola bilərdi, boğuşursansa, zəbt edirsənsə, oğurlamağa cəhd edirsənsə, göyə çatmaq, yeri vurub yarmaq istəyirsənsə, demək, o da yoxdur, bu görünməyən nəsə də sənin deyilmiş... Acınacaqlı dərəcədə kasıbsanmış...
Səfil gündə, çarəsiz, səhradasan, dəniz qırağında, meşədəsən. Qum adam, su adam, meşə adam... Səs eşidirsən... İtlər sümüyü öz qabaqlarına çəkmək üçün boğuşurlar...
Bu sənin aləmlər, oğurlayıb getmək istədiyin məkanlar arasında öz- özünü görməyin, səsini eşitməyindir.
“Ədəbiyyat və incəsənət”
(07.01.2023)