Ölkəmiz qar yorğanının altındadır - ƏN ÇOX QAR HARA YAĞIB? Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - fevralın 21-i bu saata olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 

Hal-hazırda Bakıya qar yağmaqdadır, düzdür, güclü külək qara sevinməyimizə imkan vermir, ancaq uşaqlar daldey yerlərdə imkan tapıb qartopu oynayırlar hər halda. 

Küçələrdə avtomobillər hərəkət edə bilir, amma bu gecə şaxtanın yolları dondurmaq təhlükəsi böyükdür. 

Hazırda Bakıda 2,5 dərəcə şaxtadır. Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.

 

Milli Hidrometeorologiya Xidmətinin bu səhər yaydığı məlumata əsasən, hazırda tək Bakıya və Abşeron yarımadasına deyil,  ölkənin əksər yerlərində qar yağır. Bakıda və Abşeron yarımadasında qarın hündürlüyü 7 sm-dir. Bəs ən çox qar hara yağıb? 

İlk ikiliyi sona saxlayaraq sırada 3-cü dayanan Gədəbəydən başlayırıq. Burada  qarın hündürlüyü Gədəbəydə 45 sm-dir. 

Sonrakı sıralanma belədir: Şəkidə 25, Qubada 17, Şahdağda və  Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən və Oğuzda 12, Altıağacda 11, Şamaxı və Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz və Xaltanda 8, Xocalı, Xankəndi, Şərur və Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı və Ağdamda 6, Zərdab, Tovuz və Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa və Göyçayda 3, 

Qar örtüyünün ən nazik olduğu bölgələr isə Cəlilabad, Şabran, Ağsu və Naftalandır, cəmi 1 sm. 

İndi isə ilk ikilik. 

Sırada ikinci Qax rayonudur. Sarıbaş kəndində qarın hündürlüyü 50 sm-ə çatır. Ən nəhayət, birincilik isə 71 sm-lə Zaqataladanın Əlibəy kəndindədir.

 

Gün ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta olacaq.

Yeri gəlmişkən, Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardım göstərirlər. Hədəf isə hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir. Bu çox yaxşı haldır. Qapaq fotosunda isə yol polisi əməkdaşının uşağa buzlu yolu keçməkdə köməklik göstərməsi həkk olunub.

Ən qarlı-şaxtalı hava belə sizi qorxutmasın. Təki ürəkləriniz isti olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.