Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərə “Ümid” şeirini təqdim edəcəyik. Ümid – insanı həyata bağlayan ən güclü tutalqadır. Bu şeir insanlara ümidlənməyin tükənməz enerjisi barədə bir xatırlatmadır.
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
ÜMİD
Qocalıq — ucalıq, yaraşır ona,
Sən bəslə qocalan dünyaya ümid.
Demə: vaxtı keçib, qocalıb ana,
Ən ülvi ümiddir anaya ümid.
Torpaq da kimsəsiz olmaya gərək,
Göyləri arzusu, ümidi sayır.
Ümidlə çəməndə açılır çiçək,
Ağac da ümidsiz yarpaqlamayır.
Biri əl uzatsa sən demə: görək...
Çalış, qollarına baş qoya ümid.
Dostun öz yerində,
Gərəkdir, gərək
El üçün, tanışa, yoldaşa ümid.
Demə ki, həyatda ümidsiz vardır,
Qəlbindən qoy keçsin bir daha ümid.
Yaşamaq bəlkə də çətin olardı
Olmasa bu günə, sabaha ümid.
Yamanın əliylə yaxşı əzilsə,
Dəyməsin yenə də baş-başa ümid.
Əgər ki, övladdan əlin üzülsə,
Qəm yemə, qalıbdır qardaşa ümid.
Lazımdır həyatda su, hava kimi
Məhəbbətə ümid, sevgiyə ümid.
Ümidsiz dərd olar dünyanın qəmi,
Gərəkdir bu yerə, bu göyə ümid.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)