Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
21 fevral, 1997-ci il. Məşum bir qış günü. O şaxtalı-sazaqlı gündə Azərbaycan xalqı çox görkəmli bir ziyalısını, alimini, fədaisini, qəhrəmanını itirdi.
Bu gün biz dünyaşöhrətli şərqşunas, tərcüməçi, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, alim, akademik - Ziya Bünyadovunun 28-ci anım gününü qeyd edirik.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov olmuşdur. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı.
Bünyadov ailəsində Ziya altı uşaqdan ən böyüyü olmuşdur. Atası xidməti işi ilə əlaqədar olaraq Göyçaya göndərildiyinə görə Ziya Bünyadov orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə indiki Göyçay şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
Təhsilini bitirdikdən sonra Ziya Bünyadov Bessarabiyaya hərbi xidmətə göndərilib. Burada o, Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girib. Ukrayna, Moldova, Belarus, Polşa uğrundakı döyüşlərdə iştirak edib, Berlinədək şərəfli döyüş yolu keçib.
O, Saratovdan olan yarısına qədər Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq edib.
Ziya Bünyadov müharibə dövründə iki dəfə yaralanıb və kantuziya alıb.
Göstərdiyi rəşadətə görə 1945-il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Müharibə başa çatdıqdan sonra o, 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin Pankov rayonunda komendant köməkçisi vəzifəsində işləyib və Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunub.
Ordudan tərxis olduqdan sonar 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasında təhsilni davam etdirib.
İnstitut illərində Yusif Vəzir Çəmənzəminlinin bacısı qızı Tahirə xanımla tanış olub ailə həyatı qurub.
Onların Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlib.
Ziya Bünyadov 1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada" namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdıb. Həmin ildə o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsrlər tarixi” şöbəsinin rəhbəri olub.
1964-cü ildə o, “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi şura tərəfindən tarix elmləri dokturu elmi dərəcəsi alıb, 1964-cü ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor dərəcəsinə layiq görülüb. Və həmin il onun eyniadlı monoqrafiyası çap olunub.
Ziya Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsəri ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 1920–1930-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb və 1937-ci ilin qurbanlarını xalqa tanıtdırıb, onlara bəraət qazandırıb, adlarını tarixdə bərpa etdirib, beləliklə, o dövrü doğru-düzgün işıqlandırıb.
1966-cı ildən başlayaraq Ziya Bünyadov Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olub. O, Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə 1966-cı ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun Fəxri üzvü seçilib.
Alim həmçinin 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə isə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
1970-ci ildə o, "Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası" jurnalının baş redaktoru vəzifəsinə təyin edilib. 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunub.
O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçılarından biri olub. Alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini 1971- ci ildə və Nəşəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə edib.
SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunub. 1980-ci ildə isə o, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilib. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazıb.
Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – "Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər" üzərində işləməyə başlayıb. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alıb. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1981-ci ilin aprel ayından isə Ziya Bünyadov Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib.
1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilib. O, 1988–1990-cı illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasıının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Alim 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilib.
1991-ci ildə "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirən Ziya Bünyadov 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.
Ziya Bünyadovun müstəqillik uğrunda fəaliyyətinə də toxunmaq vacibdir. O, 1987-ci ildən etibarən xalq azadlıq hərəkatına qoşulmuş, Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olmuşdur və öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.
Ziya Bünyadov həmçinin "Azərbaycan Atabəylər dövləti", "Azərbaycan VII -IX əsrlərdə", "Dinlər, təriqətlər, məzhəblər", "Qırmızı terror" kimi bir sıra tarixi, elmi, publisistik və tərcümə əsərlərinin eləcə də məqalələrin müəllifidir.
1995-ci ildə Ziya Bünyadov Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.
Və qeyd etdiyimiz kimi, böyük alim 1997-il fevral ayının 21-də yaşadığı binanın qarşısında vəhşicəsinə qətlə yetirilmiş, Fəxri xiyabanda dəfn edilmişdir.
Və hələ də onun qətl səbəbi və qatilləri məlum deyil, arada yalnız güman və fərziyyələr dolaşmaqdadır.
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 saylı tam orta məktəb, Göyçay şəhərindədə 3 saylı tam orta məktəb və ən böyük küçələrdən biri onun adını daşıyır.
2012-ci ildə Bakı Dövlət Univerisitetində Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-in atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilib. 2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Alim keçmiş SSRİ-nin və müstəqil Azərbaycan respublikasının bir sıra yüksək dövlət orden və medalları, o cümlədən “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, “İstiqlal” ordeni (ölümündən sonra) və s. təltif olunmuş, Abbasqulu ağa Bakıxanov adına mükafata, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı, Astara və Göyçay şəhərlərinin Fəxri vətəndaşı adlarına layiq görülmüşdür.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)