Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir. Və nə xoş bizə ki, rubrikamızı bəyənir və maraqla izləyirsiniz.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Ata” şeirini təqdim edəcəyik.
Yeri gəlmişkən, Davud Nəsib Azərbaycan poeziyasında ata həsrətinin poetik ifadəsinin ən gözəl nümunələrinin müəllifidir.
Qanlı döyüşlərə sən sinə gərdin,
Cəbhəyə yollandı, cəbhəyə hamı...
Deyirlər, mərdliklə ömrünü verdin
Vətənin yolunda bir yaz axşamı.
Ata, həsrətini çəkirəm yenə,
Yenə yaşayırsan sözlərinlə sən.
Baxıram şəklinə mən dönə-dönə
Sanki danışırsan gözlərinlə sən.
Titrəyir əllərim, əsir bədənim, —
Mənə dodaqaltı nəsə deyirsən,
Ata, kədərlidir ürəyim mənim,
Sən isə həmişə gülümsəyirsən!...
Ev tikmək istədin, qaldı yarımçıq,
Yaşıl mamır bitdi daşların üstə.
Hardasan, ay ata, hardasan? Gəl çıx,
Nə vaxtdır qalmışıq qulağı səsdə.
Diqqət yetirmisən hər adi daşa,
Bina dağılmadı, ömürdən oldun.
Evin hörgüləri vuruldu başa,
Axı, təməlini qoyan sən oldun!
Külfətin yenə də güldü, sevindi,
O isti nəfəsin otaqlardadır.
Çəkdiyin zəhmətin bəhrəsi indi
Təzə çiçək açmış budaqlardadır.
Şəklini asmışıq təzə otaqdan,
Sanki dodaqaltı nəsə deyirsən,
Kədər boğur məni, ata, bayaqdan
Sən isə...
Sən isə gülümsəyirsən.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)