İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
2025-ci ilin sentyabr ayında milli dövlətçilik ideyalarının carcılarından biri, görkəmli pedaqoq, Azərbaycanda professional musiqi sənətinin təşəkkülü və inkişafında, musiqi təhsili sisteminin yaradılmasında, musiqiçi kadrların yetişməsində müstəsna xidmətləri olmuş, milli maarifçilik hərəkatının tanınmış nümayəndələrindən olan dahi Ü.Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaqdır.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda oxuyuruq:”...Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır…”.
Üzeyir Hacıbəyov 5 (18) sentyabr 1885-ci il tarixdə Ağcabədidə anadan olmuşdur. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçmüş və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Üzeyirin anası Şirin Əliverdibəyova da şairənin evində böyümüşdür, Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir.
Hələ 13 yaşı olanda Ə.Haqverdiyev və C.Qaryağdıoğlunun 1897-ci ildə hazırladıqları “Leylinin qəbri üzərində” adlı teatr tamaşasında (kiçik epizod) qoşma xorda oxumuşdur.
Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra X.Natavanın xeyir-duası və görkəmli maarifçi F.Köçərlinin məsləhəti ilə 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında təhsil almışdır. O, burada skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına da yiyələnmişdi. Sonralar Moskva və Sankt-Peterburq şəhərlərində xüsusi musiqi təhsili almışdır.
Bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, ictimai xadim olan Ü.Hacıbəyli Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, bütöv İslam dünyasında ilk opera müəllifi, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, professor, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, I və II çağırış SSRİ Ali Sovetinin deputatı və Azərbaycan himninin müəllifi olmuşdur.
Ü.Hacıbəyli "Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüş, II dərəcəli iki "Stalin" mükafatı laureatı, Qırmızı əmək bayrağı" ordeni, "Qafqazın müdafiəsinə görə" və "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif olunmuşdur. "Lenin" ordeni kavaleri İdi.
Bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Uzeyir Hacıbəyli –görkəmli pedaqoq” adlı yazımızı “Ü.Hacıbəyli maarif və məktəb haqqında”, “Ü.Hacıbəylinin ana dilli məktəb və dərsliklər barədə fikirləri”, “Ü.Hacıbəyli müəllim haqqında”, “Ü.Hacıbəylinin tərbiyə haqqında düşüncələri” və “Üzeyir
Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim etməyə başlayırıq.
Zənn edirik ki, bu məlumatlar xalqımızın fəxri Ü.Hacıbəylinin həyat və fəaliyyəti, o cümlədən pedaqoji görüşləri barədə daha aydın təsəvvür yaradacaqdır.
Bu gün sizlərə yuxarıda da qeyd etdiyimiz kimi, görkəmli pedaqoqun maarif və məktəb haqqında fikirlərini çatdıracağıq.
Üzeyir Hacəbəyli maarif və məktəb haqqında
Qori müəllimlər seminariyasının məzunu (1899-1904) olan, 1904-cü ildən Qarabağ mahalının Hadrut kəndində rus dili, hesab, tarix və musiqi müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1906-1912-ci illərdə isə Bakıda, Bibiheybət məktəbində, sonralar şəhərin "Səadət" məktəblərində ana dili və riyaziyyat fənlərini tədris etmiş Ü.Hacıbəylinin pedaqoji görüşləri Azərbaycanın içtimai və pedaqoji fikir tarixində xüsusi yerə malikdir.
Ü.Hacıbəyli 1905-ci ildə Bakıya gələndən sonra müəllimlik fəaliyyəti ilə
bərabər “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edir, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışırdı. Bu yazıların bir çoxunda təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud dini məktəblərdəki qüsurlar, qızların təhsili, müəllim kadrları, tərbiyə məsələlərindən və s. bəhs olunurdu. O, 1906 və 1907-ci illərdə Bakıda keçirilən müsəlman müəllimləri qurultaylarının nümayəndəsi olmuş, II qurultayın hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, katib və dərsliklərə nəzarət üzrə xüsusi komissiyanın üzvü seçilmişdir.
O, ensiklopedik biliyə malik olan bir şəxs idi. Adi müəllim deyildi, bilik və bacarığını, ürəyinin, ruhunun vasitəsilə şagirdlərə və tələbələrinə çatdırırdı. Təsadüfi deyildir ki, pedaqoji elmlər doktoru, professor Əli Heydər Həşimov yazırdı: “Əsl müəllim üçün səciyyəvi və zəruri olan keyfiyyətləri ilə onun səviyyəsinə qalxa bilən, nadir istedada malik müəllimlər tarixdə tək-tək olubdur, indi də tək-təkdir. Üzeyir qabil müəllim idi. O həm də nəzəriyyəçi müəllimlərdəndir. Xalq maarifinin müxtəlif məsələləri barəsində, o cümlədən, məktəb, müəllim, təhsil, təlim və tərbiyə haqqında Üzeyir Hacıbəylinin müxtəlif illərdə söylədiyi və tarixi, nəzəri, əməli baxımdan indi də öz dəyərini saxlayan çox zəngin fikirləri vardır”.
Onun irəli sürdüyü fikirlər öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqogika elminin, milli musiqi təhsili sisteminin yaradılmasına və inkişafına böyük təsir etmiş və bir çoxu, deyildiyi kimi, bu günə qədər də öz aktuallığını saxlamışdır. Bu mənada Üzeyir bəyin görkəmli və tanınmış şəxslər barədə 1910-cu ildə ”Həqiqət” qəzetində çap olunmuş yazısında dediyi “…onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında…öləndən sonra da camaata mənfəət veriblər”, - sözlərini ilk növbədə onun özünə aid etmək lazımdır.
M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də elm, maarif və məktəb məsələləri barədəki fikirlərinin məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. O da, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasının yardıcılarından idi.
Hörmətli alim, dosent Ə.Quliyevin “Üzeyir bəy Hacıbəyli böyük maarifçi-pedaqoq və ziyalı kimi” adlı yazısında qeyd etdiyi sayaq, “…millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasında, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin müstəsna rolunu, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən keçdiyini” yaxşı bilən Üzeyir bəy maarifsizliyi və savadsızlığı çox qorxulu hal hesab edirdi. Deyirdi ki, "Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar….Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır….Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri-maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)...".
Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi.
Professor Ə.H.Həşimovun “qabil müəllim” adlandırdığı Ü.Hacıbəyli də Azərbaycan türkünün siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürür, demokratik təhsili, ana dilli, milli məzmunlu tərbiyə və ümumbəşəri dəyərli təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab edirdi.
Ü.Hacıbəyli ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. O, 1909-cu ildə “Tərəqqi” jurnalında bu barədə belə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.
Növbəti yazıda Üzeyir bəyin ana dilli məktəb və dərsliklər barədə fikir və düşüncələrini diqqətinizə catdıracayıq.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)