Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Dünyada saf sevgidən ülvi, gözəl nə var? Və deyirlər, bu dünyada ən gözəl sevən elə şairlərdir.
Əgər mən qocalsam, lap yüz yaşda da
Yenə də qədrini biləcəyəm mən.
Razılaşın ki, hər kəs bu sehirli sözləri deməyə qadir deyil. Bunun üçün duyumlu bir qəlb lazımdır.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Eləcəyəm mən” şeirini təqdim edəcəyik.
ELƏCƏYƏM MƏN…
Sən görüş yerində ləngi bir az da,
Bu axşam o yerə gələcəyəm mən.
Mütləq üzümüzə gələn bu yazda
Nəmli gözlərini siləcəyəm mən.
Gəncliyin ömrünü aşa-aşda da,
Ürək o ürəkdir qarlı qışda da.
Əgər mən qocalsam, lap yüz yaşda da
Yenə də qədrini biləcəyəm mən.
Hələ nə qüssələn, hələ nə unut,
Dolma səhər-axşam sən bulud-bulud.
Demə gənclik ötdü, dəyişib Davud,
Əvvəl necə varam, eləcəyəm mən.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)