Murad Vəlixanov “Ədəbiyyat və incəsənət”
Müsəlman dünyasının xüsusi rəğbət bəslədiyi, hörmət və ehtiramla yad etdiyi insanlar çoxdur. Bunlardan biri də Xəlid İbn Vəliddir.
Onun 583-587-ci illər arasında anadan olduğu güman edilir. Anası Lübabə, atası isə Məhzum ailəsindən olan Vəlid İbn Muğirdir. Onun ailəsi hərbi məsələlərdə ixtisaslaşmış Qüreyş qəbiləsindəndir. Gəncliyində nizə, qılınc, kaman və atdan istifadə etməyi öyrənmişdir. Bədr döyüşündə iştirak etməyən Xalid ilk dəfə Uhud döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Müsəlmanlığı qəbul etdikdən sonra Bizans və Sasanilərə qarşı döyüşlərdə sərkərdə kimi iştirak etmişdir. Bunlardan ən diqqət çəkəni isə Yərmuq müharibəsində Bizans ordusunu məğlub etməsidir.
İslam mənbələrinə görə Xəlid İbn Vəlid yüzdən çox döyüşdə iştirak edib, bunların heç birində məğlub olmayan nadir İslam sərkərdələrindəndir. O üç il kimi qısa bir müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Qəhrəmanmaraşa qədər uzanmışdır.
Xəlid İbn Vəlid etdiyi fəthlər və müsəlmanlar arasında qazandığı hörmət və ehtirama görə Seyfullah (ALLAHIN qılıncı) ləqəbini almışdı.
638-ci ildə Ömər İbn Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə yerləşdirilmişdir. O, bir il sonra bu vəzifəsindən ayrılmış və 642-ci ildə vəfat etmişdir.
“Ədəbiyyat və İncəsənət”
(06.02.2025)