Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Həssas qəlbə sahib olan şairlərimiz öz poeziyası ilə oxucularının ruhuna toxunur. Onların əsərlərində kədər, sevinc, tənhalıq və s. hisslər xüsusi ifadələrlə oxucunun qəlbində dərin izlər buraxır.
Bugünkü qonağımız da "Bir şeirin hekayəti"- ni söyləyərkən, siz o həssas anları duyacaqsınız.
Beləliklə, bu dəfə bizə "Bir şeirin hekayəti"- ni sevimli gənc şairimiz Ruslan Dost Əli söyləyəcək.
-Salam Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün təşəkkür edirəm.
Uşaq vaxtı çox ana mehirli olmuşam. Biraz anasız qalan kimi nəfəsim kəsilirdi, boğulurdum. Özümü pis hiss edirdim, xəstələnirdim. Ac, sususuz qalırdım. Elə bilirdim, anam məndən bir neçə metr uzaqlaşsa, nəfəsini, hənirini hiss eləməsəm, nəsə çox pis bir şey baş verəcək. Dünya dağılacaq. Bu hal uzun illər boyu davam elədi. Biz bir-birimizdən ayrılmadıq. Ancaq anam üçün bu heç də xoş deyildi. Həmişə deyirdi, mən ölsəm sən neyləyəcəksən?!
Sonra iş elə gəldi ki, mən təhsil almaq üçün xaricə getməli oldum və beləcə dəhşətli günlərim başladı. Bir neçə dəfə təhsilimi yarımçıq qoyub, geri qayıtmaq haqqında düşündüm. Lakin dönmədim. Orada xeyli vətən həsrətli şeirlər yazmaqla yanaşı, ana haqqında şeirlər yazdım. Bu şeiri də həmin dönəmlər yazmışam. Həmin şeir çəkdiyim mənəvi əziyyətlərə dəyərmi? Bilmirəm... Hər halda, bu şeiri yazdığıma görə şadam və oxumağa, əlbəttə, dəyər...
yene başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yığışsa.
ana var, dünyada hamı var demək,
bir ana eyləməz hamı yığışsa...
onu qapı-baca necə sıxmasın,
mənə dar gəlirsə bu boyda ölkə.
deyirəm, başımdan böyük çıxmasın,
böyümək ən böyük xatamdı bəlkə...
adicə suyu da elə hər zaman,
anamın əlindən alıb içərdim.
əlim kəsilsəydi, nə dəva-dərman,
anam bircə dəfə öpsə, keçərdi...
indi öpmək nədi, heç əlləri də,
sinəmin ağrıyan yerinə çatmaz.
gecələr gözünə yuxu zor gedər,
gündüzlər əlləri bir işə yatmaz...
günorta məktəbdən evə gələndə,
anam olmasaydı yemək yeməzdim.
çörək olmayanda utandığından
üzümə baxmazdı, heç nə deməzdi.
qəbul eləməyib yoxu, yoxları,
üzümü nə zaman bozartmamışam.
istəyim mümkünsüz olan vaxtları
uzun saçlarını az dartmamışam.
indi nə vermərəm, öpüb gözündən,
o yorğun saçları hörməkdən ötrü.
üzümü çəkmirəm göyün üzündən,
bircə yol üzünü görməkdən ötrü...
nə gərək od çatıb, kabab çəkməyə,
səsini eşitsəm həmən doyuram.
çayı da qoymazdı özüm tökməyə,
indi paltarı da özüm yuyuram...
orda bilərmişsən bircə sən yəni,
burda bişirdiyim yeməyin dadın.
inan, böyümərəm, bir də sən məni
təzədən dünyaya gətirsən, qadın!
önündə diz çöküb, əyilmək gərək,
istəyim ruhuma qoy calaq olsun.
ana qarışısında əyilmək, gərək
oğulçün ən böyük ucalıq olsun...
yenə başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yığışsa.
anam var, mənimçün hamı var demək,
bir anam eyləməz hamı yığışsa...
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)