“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, 3-cü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
İki məhbus həbsxana barmaqlığından baxırdı. Biri çirkab görürdü, digəri ulduzları.
Con Maksvell
Rəngləri büsbütün qapqara görənlər var.
Və rəngləri büsbütün al-əlvan görənlər var.
Mən rəngləri olduğu kimi, qarışıq görməyin tərəfdarıyam.
Bir dəfə doğmalarını avtomobil qəzasında itirmiş bir ortayaşlı kişi mənə irad bildirdi ki, «nikbin olun», «kədərə boyun əyməyin», «öz üzərinizdə çalışın», «hər probleminizi şişirtməyin» kimi tövsiyələriniz yersizdir. O, söhbət əsnasında internetdən nə qədər motivasiya ədəbiyyatı yükləyib oxuduğunu da dilə gətirdi, köks ötürərək bəyan etdi ki, heç bir psixoloq, ürək yoldaşı, motivasiya bestselleri müəllifi bu halında ona təsəlli ola bilməz.
Başqa bir vaxt eyni sözləri mənə xəstə övladının müalicəsi üçün bütün varidatından məhrum olan və artıq dərman almağa pulu qalmayan yeni ailə qurmuş bir gənc söylədi.
Hər ikisi də «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» dedilər.
Yəni, yıxılan daha durmaz ki? «Yıxılmaq» sözünün «durmaq» adlı antonimi məgər yoxdur ki? Yıxılmaq varsa, mütləq durmaq da olacaq, bunun üçünsə güclə, qüvvətlə yanaşı mütləq qətiyyət və dözüm lazım gələcək. Yıxılan adam yıxılanda məhv olmur, mövcud durumu ilə razılaşıb mübarizəni dayandıranda məhv olur. Hərəkətsizliyinə, süstlüyünə «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» sözləri ilə bəraət qazandırmaq məgər insanın öz başına diri ikən kəfən keçirməsi deyil?
Mən sizlərə ayaq üstündə duranlara zirvələr fəth etməyin sirlərini agah etməklə yanaşı, yıxılanlara ayağa durmağın yollarını da göstərməyə çalışacağam.
Unutmayın, «mümkünsüzdür» sözü hökm deyil, adi bir rəydir. Əksinə, «mümkündür» sözünün isə inam, qətiyyət və əzm sayəsində hökm olmaq gücü var.
Bədii və elmi kitablarımı oxuyan çoxsaylı oxucularım, peşə fəaliyyətimlə bağlı daim təmasda olduğum insanlar, tez-tez görüşlərinə dəvət aldığım gənclər auditoriyası, küçədə, evimin tinində, ofisimin qarşısında mənə yaxınlaşanlar – göstərdiyim peşəkar xidmətdən yararlananlar, motivasiya etdiyim, məsləhətimlə, öyüd-nəsihət və tövsiyələrimlə haraylarına yetdiyim insan toplusu, əslində çoxminlidir, böyükdür. Ancaq nə qədər çoxminli, böyük olsa da, hər halda bu dairə qapanır. Bəs bu dairədən kənarda qalanlar necə olsunlar? Şəxsi problemlərin, qəddar həyat qanunlarının girdabında boğulanlar, lap onlar da bir yana, özünəinam hisslərindən məhrum olaraq acizlik və zəiflik sindromunu heç cür qıra bilməyən komplekslilər məgər azdır?
Bəs son illərdə bəşəriyyəti öz ağuşuna almış iqtisadi böhranlar, təbii fəlakətlər, ağır qəzalar kabusu, müxtəlif epidemiyalar, mənəvi deqradasiya fəsadları, daim tənəzzülə uğrayan empirik reallıq, metafizik görüşlərə olan basqılar, müharibə və terror alovlarının gətirdiyi ümidsizlik həmlələrinə təslim olan bədbinlər ordusu necə olsun?
Məgər onların motivasiya olunmağa ehtiyacı yoxdur?
Demək, ünsiyyətin tam əhatə dairəsi üçün, miqyaslılığı üçün motivasiya kitabı formasına müraciət zərurəti buradan qaynaqlanır.
Bura onu da əlavə edək ki, bir neçə bədii, siyasi, korporativ kitabın müəllifi olmağımla yanaşı, həm də biznesdə uğur qazanmaq istəyənlərçün sifarişlə biznes-planlar da işləyib hazırlayıram. Bu biznes-planlar müvəffəqiyyətlə həyata vəsiqə qazanırlar, onların əsasında neçə-neçə sahibkar gəlir əldə edir. Uğur qazanmaq yollarını göstərən həmin bu biznes-planlar müəyyən nəzəriyyələrə istinad edir, onlar, haradasa, nəzəri və praktik biliklər toplusudur, onların mənbələrində da oxucu üçün bölüşəsi çoxlu vacib məqamlar var.
Bu da motivasiya kitabı yazmaq üçün başqa bir səbəbim.
Mən bütün gücümü səfərbər edərək var səsimlə hamıya, hamıya demək istəyirəm: heç bir hədəf bizim qıyılmış gözümüzün və tətikdə qatlanmış barmağımızın nişanalma qabiliyyətindən üstün deyil. Və bu şüarımdan ilhamlanaraq daha sonra da bəyan etmək istəyirəm ki, həyatda uğur qazanmaq düstüru heç də düşündüyümüz qədər çətin deyilmiş. Sadəcə, bir neçə ev tapşırığını həll etmək lazımmış bunun üçün. Və bu cümləni altbaşlıq kimi kitabın adının altında yerləşdirərək söhbətə başlamaq istəyirəm.
Gəlin, həmsöhbət olaq. Və tam səmimiyyət içində bir-birimizi dürüst anlamağa çalışaq. Bu nə sosioloji, nə fəlsəfi, nə psixoloji, nə də iqtisadi dərsdir. Amma sosioloji, fəlsəfi, psixoloji və iqtisadi çalarları olan bir düşüncə toplusudur. Bəzən sirli hərflər və sözlər birləşərək möcüzəli cümlələr yaradırlar. Yetər ki, o cümlələri dinləyək, o möcüzənin təsir cazibəsində qərarlaşaq.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)