“Əsas məsələ odur ki, “xaosda heç nə var!” deyəsən” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Eldar Baxış həyatda olarkən onun şair kimi qədrini o qədər də bilmədik. Zaman keçdi. Bizmi belə ağıllandıq və daha həssas, daha mülayim, daha mərhəmətli olduq, yoxsa o, bir daha heç nə yazmaya-yazmaya hansısa gözəgörünməz energiya ilə dolmağa başladı?!

2.

Hacı Mir Həsən ağa Səyyah: “Ətrafda hər şey ölümün təzahürüdür. Sadəcə, üzünə niqab tutubdur və bizdən guya ki, gizlənibdir. Hələ ki heç bir kəsə öz ölüm gününü tanımaq qismət olmayıbdır. Halbuki sənədə bir dəfə biz onunla görüşürük, onu yaşayırıq. Biz ad günümüzü tanıyırıq. Amma hər sənə bir dəfə gördüyümüz ölüm günümüzü tanımırıq. Əfsus!..”

3.

Biz hamımız mağaradan çıxmışıq. Amma çoxumuz alaçıqdan hələ də çıxa bilməmişik.

4.

Okean fırtınasından sonra ayrı-ayrı gəmilərin hərəsinin balaca-balaca adacıqlara çırpıldığı kimi vaxtilə dost olmuş adamlar da indi pərən-pərəndirlər, ora-bura çırpıla-çırpıla qalıblar.

5.

“ Xaosda heç nə yoxdur!” deməyə nə var ki... Əsas məsələ odur ki, “xaosda heç nə var!” deyəsən. “Heç nə”nin hikməti daha böyükdür.

6.

XX əsrin böyük psixoanalitiki və filosofu Karl Yunqun əsərləri müasirlərinə imkan verdi ki, onun düşüncə tərzinin dərinliklərində qədim çin pünhanlıqlarından çox şeylər var deyə düşünsünlər. Hətta Yunqun hansısa əvvəlki həyatında çinli olduğunu ehtimal edənlər də tapıldı.

7.

Hamının yanında var səsiylə qışqırıb bağıran “əzizi-mən”lərin təkbətəkdə yazıq-yazıq, həzin-həzin necə pıçıldadığını bircə görəydiniz...

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.