“Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“ Biri vardı, biri yoxdu...” Təkcə nağıllar deyil, hər şey burdan başlayır. İki universal xurcun!... Bu iki universal xurcun öz içinə sonsuz dünyaları və sonsuz lüğəti yığa bilir.

2.

İsa Muğanna - Azərbaycan ədəbiyyatının hüdudsuz fantaziyası...

3.

Nəsrdə cümlələr müharibə zamanı bir-birinin ardınca qazılmış uzun və qısa, əyri və düz səngərlər kimidir. Bu cümlə - səngərlər onları oxuyub dəf edənlərə müqavimət yaratmaqdan başqa bir şeyə yaramır. Onların hər birinin öz müqavimət dərəcəsi olur. Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var

4.

Qafiyə boyunduruğunda olsalar belə, əsl misralar ən azından həyat boyunduruğundakı öküzlər kimi başqa-başqa tərəflərə baxırlar.

5.

“ Nə idi dünyanın o qədim adı

Unutdum - sehr idi bu, tilsim idi?!

Sən su pərisiydin, bu yadımdadı,

Sən su pərisiydin, bəs mən kim idim?!”

6.

U .Eko “Yarımçıq əlyazma” barədə: “Bu roman cəlbedicidir, amma onu plyajda oxumaq olmaz.”

7.

Vaxtı qabaqlayıb tez-tələsik göylərə qalxmaq istəyənlər elə bilirlər, göylərdə maraqlı nəsə var. Göylərdə isə onlar üçün maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.