Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir. Noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək Forumda NGBM-nin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edəcək.
Bu barədə AzərTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən toplantının iştirakçıları arasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrero-Valdner, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç yer alırlar. Forumda, həmçinin Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev iştirak edəcəklər.
Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)