BİR DİREKTOR, BİR ŞAGİRD Featured

BİR DİREKTOR, BİR ŞAGİRD - Elmira Bayramova və Jasmin Qurbanova

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda  qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Direktor Elmira Bayramova və öncül şagird Jasmin Qurbanova ilə görüşürük. 

 

DİREKTOR

Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 

Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

 

ŞAGİRD

Mən-Qurbanova Jasmin Valeh qızı 25 noyabr 2009-cu il tarixində Qusarda  dünyaya göz açmışam. Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Arzum riyaziyyat müəllimi olmaqdır. Ədəbiyyat fənninə də marağım böyükdür. Şeir və hekayələr oxumağı, şeir söyləməyi çox sevirəm.  Xəlil Rza Ulutürkün şeirlərini  çox bəyənirəm.

 

ESSE

"Zirvəyə qalxmağa çalışma, olduğun yeri zirvə et"

Hərdən pəncərədən əzəməti, vüqarı ilə adamı özünə heyran buraxan, insanda xoş hislər yaradan uca dağlara baxıram. Necə də yüksəkdir, amma əlçatmaz da deyil. Dağa-daşa dırmana-dırmana əvvəl -axır zirvəyə çatacayıq. Zirvəyə çatdıqda gələn xoşbəxtlik hissi, həmin yolda çəkdiyin çətinliklərin üzüntüsündən qat-qat çoxdur. Zirvədə olmaq qürurverici, bir o qədər də gözəl hissdir. Kim zirvədə olmaq istəməz ki?! Ya da hansı şərtlərlə...

Bəzi insanlar ki var, özlərinin zirvədə olduqlarını sanırlar, ta ki gerçəklər onları yuxudan oyadana kimi. Hər şeyin fərqinə vardıqlarında isə üzülürlər. Bəzi insanlar da var ki, zirvədə olmadıqlarını bilirlər, amma bunu bacaracaqlarını da bilirlər, önəmli olan da budur, inam, güvən...

Zirvəyə çıxdığımızda bizi zirvəyə doğru çəkən küləklər, o küləklər ki, tam yoruldum dediyimiz anda yenidən yaranır.

Mən də zirvədə olmağın necə bir hiss olduğunu çox yaxşı bilirəm. Zirvədə olmaq istəyirəm. Amma zirvəyə gedən yol çox da asan deyil. Bu, yaz gələndə güllərlə örtülən çəmənliyə daxil olanda mənzərə qarşısında keçirdiyimiz hisslərdən belə daha gözəl, duyğulu  bir hissdir. Zəhmət çəkirəm, əmək verirəm. Amma zirvəyə mən getmirəm, zirvəni ayağıma gətirirəm. O qədər çalışıram ki, zirvə mənim olduğum yerə çevrilir. Dağın küləklərinin üzərinə yağan qarı sovurub apardığı kimi bu yolda qarşımdakı maneələri sovurub aparmaq üçün əlimdən gələni edirəm. Zirvədə olmağın elə başqa yolu da budur.

“Zirvəyə qalxmağa çalışma,olduğun yeri zirvə et".

Amma unutmayaq ki, zirvəyə qalxsaq da, olduğumuz yeri zirvə etsək də, özümüzə olan güvən və inamımız həmişə olmalıdır. Sonda xoşbəxtlikdən əsən küləklər soyuqluq yox, istilik gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.