Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Derektor Elmira Bayramova və öncül şagird Esmira Korumova.
DİREKTOR
Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.
Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.
ŞAGİRD
Mən Korumova Esmira Rəssam qızı 9 sentyabr 2009-cu ildə Qusar rayonunun Zindanmuruq kəndində anadan olmuşam. Hal-hazırda Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinfində oxuyuram. Arzum gələcəkdə ali təhsilli kimya müəllimi olmaqdır. Bu fənnə qarşı məndə xüsusi bir sevgi hissi var.
Bundan əlavə məqalə, inşa,esse yazmağa da həvəsim çoxdur. Əsasən, uğur, nailiyyət mövzusunda yazmağı sevirəm.
ESSE
Uğura gedən yol zəhmətdən keçir
"Yaxşı başlanğıc uğurun yarısıdır."(Andre Jid)
Bu yaxınlarda bu aforizmə rast gəldim və məni çox düşündürdü. Sizcə, uğur nədir? Uğura gedən yolda bizi nə gözləyir? İnsana uğurmu çox şey öyrədir, yoxsa uğursuzluqmu?!
Uğur -hədəfə getmək yoludur. Hədəfə gedən yol çox çətinliklərdən keçir. O çətinlikləri dəf etmək üçün zəhmət çəkmək lazımdır. Zəhmət həyatın bəzəyidir. Zəhmət çəkmədən insan heç bir şeyə nail ola bilməz.
Uğursuzluqdan daha betər şey varmı? Bəli, var! Əsl olmayan, saxta uğur. Bu zaman insan sadəcə özünü aldatmış olur. O, uğur qazanmış deyil, məğlub olmuş olur.
İnsan hər zaman uğur qazanmır. Bəzən uğursuzluqlar da olur. İnsan uğursuzluğa görə pərt olmamalı, kədərlənməməli, əksinə, hər şeydən nəticə çıxarmağı bacarmalıdır. Bəlkə də, uğursuzluqdan alınan dərs uğura atılmış ilk addımdır...
Bəs əsl uğur nədir? Əsl uğur zəhmət çəkərək qazanılan uğurdur. Uğur rahatlıqla qazanılmır. Uğur qazanmaq üçün insan əzmkar və qətiyyətli olmalıdır.
İnsanın qarşısına qoyduğu hədəfə çatmağı üçün ilk öncə özünə güvəni olmalıdır. Belə xüsusiyyətlərə malik olan insan hər zaman öndə olar. İnamsızlıq qaranlıq bir meşədir. Oraya düşən itir, qeyb olur. Uğur gedilən yoldur, çatdığın məkan deyil. Uğura gedən yol isə əziyyətdən, zəhmətdən keçir.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)