Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Təhsil insanların keçmişini öyrənən, gələcəyini öyrədən bir həyat zərurətidir fikrimcə. Tədris olunan fənndən asılı olmadan həyatımızı şəkilləndirir, məqsədlər, hədəflər və qət ediləcək yollar qoyur önümüzə. Təbii ki, bu mövzuda ən çox dəstək olan, dəstək olmalı olan şəxslər də məhz müəllimlərdir.
Çox sevdiyim bir söz var. "Müəllim şam kimidir, alışdıqca ətrafını işıqlandırar."
Hər birinizə salam, dəyərli oxucular. Bugün sizinlə oxuduğum bir əsər haqda fikirlərimi bölüşmək istədim. Abdulla Şaiq, “Xasay”
Əsəri oxuyanlar bilər, kiçik bir uşağın həyatı, ona ailənin etdiyi təsirlərdən söhbət gedir başlıca olaraq burada. Ziyalı olmamasına baxmayaraq övladlarının təhsilini hər şeydən üstün tutan bir ata obrazı ilk diqqət çəkən məsələlərdəndir. Atanın ölümündən sonra oğluna biganə qalan ana isə başdan-başa bir "məsuliyyət abidəsi"dir. Əsər gedişatı haqda bilməyənlərə məlumat verəsi olsam qısaca belə deyərdim. Badam, yəni Xasayın anası hələ Balakişinin sağlığındaykən də olduqca əhlikef, vecsiz biri kimi qələmə alınır, elə onun ölümündən sonra da nə isə dəyişmir. Nə iş təklif olunsa "mən bacarmaram" deyib kənara çəkilir. Sonra da ona diqqət göstərən "ziyalı" Rəcəb bəylə evlənir. Sən demə Rəcəb bəy çox ziyalı imiş, hə. Amma onun ziyası elmə yox, cibgirliyə, quldurluğa, pisliyə imiş... Özü öz oğlunu uçuruma aparan Badam əsla səhvləriylə barışmır. Məktəbin birincisi olan Xasaysa günü gündən sevimli Kamil müəlliminin gözləri önündə məhv olub gedir.
Zaman keçdikcə balacanı da özünə oxşadan Rəcəbin elə sən demə əvvəldən məqsədi bu olur. Onu oğurluğa göndərir, məktəbdən ayırır, küçələrdə işlədir. Kənardakılar da ya söyür, tənqid edir, ya da susub durur. Rəcəbin əslində qatil olduğunu bilən qonşu da susur, onun oğru olduğunu bilən dost-tanış da. Əslində susmayanlar da vardı, amma Badam heç kimə inanmır, övladıyla maraqlanmır. Heç kim də bu uşağın dərdini öyrənmək istəmir. Bircə Kamil müəllimdən başqa...
Mənə görə elə əsas məsələ də budur əsərdə. Yeri gəlsə indiki, yeri gəlsə köhnə əsərlərə baxdıqda, real həyata nəzər yetirdikdə şagirdləri, tələbələri incidən müəllim sujetləriylə olduqca çox rastlaşırıq. Onların problemləriylə maraqlanmır, ya da mehriban başlayıb, sonta bezir, vaz keçir. Amma Kamil müəllim əsl Pedaqoq, əsl müəllim kimi öz işini yerinə yetirir. Bir an belə doğru yolu göstərməkdən vazkeçmir. Hər yola əl atır, hər kəslə əlaqə yaradır, yetər ki, biricik şagirdi Xasayı geri qazana bilsin. Bacarır da. Təbii ki, insanın öz təbiətindən çox şey asılıdır, Xasay savadlı, çalışqan, mərd uşaq idi. Amma yol göstərənləri doğru deyildi. Uşaq gələcəkdirsə, müəllim o gələcəyi yazandır. Kamil müəllim obrazı kimi obrazlara, insanlara həm ədəbiyyatda, həm həyatımızda olduqca ehtiyac var. Xüsusən indiki dövrdə, həyat şərtləri bu qədər çətinkən şagirdləri təhqir edən yox, "səndən adam olmaz" deyən Mirzə Kərimlərə yox, "mən ona inanıram, o bacaracaq" deyən Kamil müəllimlərə ehtiyac var.
Əziz oxucular. Aranızda həm tələbələr var, həm müəllimlər, həkimlər, daha kimlər-kimlər. Unutmayın ki, həyat özü də bir məktəbdir. Bu məktəbdə isə bizim özümüz də bir müəllimik. Həm özümüzə, həm ehtiyacı olanlara əl tutmalı, dəstək olub doğru yolu göstərməliyik. Məsuliyyətdən qaçmaqla, ətrafa biganə qalmaqla, "mənə nə?" deməklə heç də irəli getmək mümkün deyil. Tam əksinə. Uçurumdan döndərilməyən hər şəxs getdiyi yollara bərabər iz salır, özüylə daha başqalarını da sona aparır.
İnsan sözü "səhv" mənası verən nisan sözündən yaranıbmış. Səhv etmək bizlərə məxsus. Əsas odur ki, dərs alaq, irəliyə doğru, düzgün yolla addımlayaq. Oxumalı olduğunuzu düşündüyüm, oxuya biləcəyiniz, faydalana biləcəyiniz əsərlərə birini daha əlavə etmək mənim üçün xoş oldu. Xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)