“Əynimə nəvaziş geyindirərsən…” - Osip Mendelştam

BU GÜN BAKIDA MENDELŞTAM GECƏSİ KEÇİRİLƏCƏK

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zərif bir axşamdır… Alaqaranlıq…

Çırpınan ləpələr yorur dənizi.

İslaq külək əsib hərdən bir anlıq

Duzlu bir örpəyə bürüyür bizi.

 

İşıqlar qaralır, qarışır aləm,

Dalğalar sahili meyxoş eyləyir…

Yersiz sevinc kimi səbəbsiz bu qəm

Ağır bir yük olub qəddimi əyir.

 

Gəzir qulağımda dəniz nəfəsi,

Hava da məst edir, gecə də qara…

Mahnı sədaları, musiqi səsi

Sanki layla çalır yorulanlara…

 

Bu ölməz misralar dahi yəhudi şairi Osip Mendelştama aiddir. Moskvada yaşayan həkim-şairə həmyerlimiz Afaq Şıxlının tərcüməsində təqdim edilən bu şeirlər Mendelştam yaradıcılığına xasdır - qürbətin iztirabları, vətən həsrəti, misilsiz kədər burulğanı. 

 

Bu gün saat 19:00-da “Libraff” kitab mağazası məkanında “İranə Qasımova ilə klassik poeziya” layihəsi çərçivəsində Osip Mandelştamın yaradıcılığına həsr olunmuş ədəbi gecə keçiriləcək. Tədbirdə şairlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, eləcə də poeziya sevənlər görkəmli şairin şeirlərini oxuyacaqlar.

 

Tədbirin təşkilatçısı və layihənin müəllifi şair, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya toplusunun müəllifi İranə Qasımovadır.

İranə Qasımovanın “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, “İranə Qasımova ilə klassik poeziya” 2019-cu il iyunun 25-dən mütəmadi olaraq keçirilir. Layihənin keçirilən hər gecəsi bir klassik şairə həsr olunur. Tədbirlər “Baku Book Center”, “Libraff” kitab evi, “Azerkitab” kitab mağazası, “Art Tower Gallery”, Azərbaycan Yazıçılar Birliyi, Səməd Vurğunun Ev-muzeyində keçirilib. 

Layihənin reallaşdırıldığı dörd il ərzində A.S.Puşkin, M.Y.Lermontov, V.V.Mayakovski, M.İ.Tsvetayeva, S.A.Yesenin, Səməd Vurğun, Nizami Gəncəvi, Y.A.Yevtuşenko, İ.A.Brodski, A.A.Blok, A.A.Axmatova, B.L.Pasternak, Mikayıl Müşfiq, N.S.Qumilyov, K.D.Balmont, Mirzə Şəfi Vazeh, İ.Severyaninə həsr olunmuş ədəbi gecələr keçirilib.

“Bu dəfəki gecəmizin qəhrəmanı “Gümüş əsr” poeziyasının ən parlaq nümayəndələrindən biri olan Osip Mandelştamdır. Onun yaradıcılığı bu günə kimi aktualdır”, - deyə İranə Qasımova qeyd edib.

Əlbəttə ki, aktualdır. 

 

Ay gecə! Nəyinə gərəyəm ki, mən?..

Mən ki, həsrətlərə hədəf kimiyəm.

Bəyaz mirvarisi çıxmış əlindən,

Sahilə atılmış sədəf kimiyəm.

 

Sən ilham alarkən gur ləpələrdən

Duymaq istəməzsən söz-söhbətimi.

Amma ki, salarsan yadına birdən,

Lazımsız bildiyin məhəbbətimi. 

 

Uzanıb yanımda qumlar üstünə,

Əynimə nəvaziş geyindirərsən.

Bunca ayrılığın durub qəsdinə,

Könlümü doyunca sevindirərsən.

 

Atılmış sədəfin səni bağışlar,

Sevgi nəğməsini oxuyar sular.
Dənizlə, şəfəqlə, mehlə, yağışla

Kimsəsiz qəlb evim isinər, dolar.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.