Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu dəfə oxucularım qarşısında fərqli ampluada görünəcəm. Fəza cisimlərindən danışacağam. Eynən astroloqluq edəcəyəm.
Çoxlarının bildiyi kimi səmada ulduzlardan, planetlərdən başqa asteroidlər də mövcuddur. Elmə 85 min ədəd öz orbitində fırlanan asteroid məlumdur. Bu qədər asteroidin içərisində 8 ədəd asteroidin adı bizə doğma adlardandır. Bizə - yəni Azərbaycanımıza.
1. Şamaxı Rəsədxanasının şərəfinə adlandırılmış, Almaniyanın Qeydelberq şəhərində alman astrofizik K. Reynmut tərəfindən 3 avqust 1940-cı ildə kəşf olunan asteroid.
2. “Azərbaycan” asteroidi. Krım astrofizikləri tərəfindən 11 oktyabr 1971-ci ildə kəşf olunan asteroid.
3. “Nizami” asteroidi. Krım astrofizikləri tərəfindən 24 avqust 1974-cü ildə kəşf olunan asteroid dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılıb.
(Eyni zamanda Nizami adına Merkuri planetinin bir krateri də var)
4. “Sorin” asteroidi. Krım astrofizikləri tərəfindən 26 avqust 1976-ci ildə kəşf olunan asteroid Azərbaycanın müasir astronomiyasının qurucularından biri Nikalay Sergey oğlu Sorinin şərəfinə adlandırılıb. Rus olsa da azərbaycanlıdır.
5. “Cavid” asteroidi. 1 sentyabr 1978-ci ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid böyük dramaturqumuz Hüseyin Cavidin (1882-1941) şərəfinə adlandırılıb.
6. “Maqomayev” asteroidi. 19 sentyabr 1974-cü ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid dahi tenor Müslüm Maqomayevin şərəfinə adlandırılıb.
7. “Tusi” asteroidi. 24 sentyabr 1979-cu ildə Krım astrofizikləri tərəfindən kəşf olunan asteroid görkəmli ensiklopedik alimi Nəsrəddin Tusinin şərəfinə adlandırılıb.
8. “Əyyub Quliyev” astroidi. 9 aprel 1999-cu ildə ABŞ-ın Arizona ştatında Anderson Mesa tərəfindən kəşf olunan asteroid Azərbaycan astronomu, Şamaxı rəsədxanasının direktoru Əyyub Quliyevin şərəfinə adlandırılıb.
Şadam ki, indi hər birinizdə Azərbaycanla bağlı 8 səma cismi barədə müfəssəl məlumat vardır.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)