ABŞ-ın Texas ştatının Piano şəhərində keçirilən XX Beynəlxalq multikultural festivalında Azərbaycan ikinci dəfə təmsil olunub.
Bu barədə mediaya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda deyilir ki, müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil olunan beynəlxalq festivalda Avropa, Asiya və Latın Amerikası ölkələrindən nümayəndələr iştirak ediblər.
Texas ştatında və Dallas şəhərində yaşayan azərbaycanlı icmasının fəalları Dürdanə Balakişiyeva, Züleyxa Əsədova, Ləman Hendriks və digər həmyerlilərimizin təşkil etdikləri Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, turizm potensialını və adət-ənənələrini əks etdirən kitablar, suvenirlər, milli geyimlər, mətbəx nümunələri nümayiş olunub. Kitabların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ingilis dilində nəşr edilmiş “Sirlər xəzinəsi” poeması da olub.
Festivalın əyləncəli proqramı çərçivəsində keçirilən beynəlxalq dəb şousunda Azərbaycan əsilli tanınmış rəqqasə Ləman Hendriks, milli balet və rəqslərimizin ifaçısı Vivyen Bennett çıxış ediblər. Onların ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqsləri və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim olunub. Festival iştirakçıları və amerikalılar milli rəqslərimizi və geyimlərimizi maraqla izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)