Bu yaxınlarda Vaqif Bayatlı Ödər 75 yaşını qeyd etdi. Çox təəssüf ki, bir bədbəxt hadisə ucbatından sağlamlığını itirmiş böyük şair yazıb-yaratmaq gücünü də itirib. Amma o, ədəbiyyatımızın qızıl irsi sırasında yer tutur. Və “Ədəbiyyat və incəsənət” portalı da şair barədə görkəmli şəxsiyyətlərin fikirlərini sizlərə təqdim edir:
Vaqif, sənin şeirini olduğu kimi, "Ölənəcən sevmək azdır" kitabından götürüb çap eləməyi məsləhət bildim. Onu təhlil etməyə ehtiyac duymadım. Şeir bizim demədiyimiz çox şeyi sənət dilində çox gözəl deyir.
Məmməd Araz
Xalq şairi
Vaqifin adı da sərbəst şeirdir: Vaqif Bayatlı Odər. Bunların hərəsi bir misra kimi davamlı, vurğulu deyilir, şair bu ad - misralardan hər birinin mənasını xüsusi dərk etdirmək istəyir. Vaqifin təxəllüs-soyadları onun anketidir:
Vaqif Cəbrayılzadə - nəsil ailə mənsubiyyəti;
Vaqif Bayatlı - etnik əsli;
Vaqif Önər - ədəbi və vətəndaşlıq mövqeyi;
Vaqif Odər - xisləti.
Vaqif ilk soyadını doğulduğu torpaqdan götürür. Mən inanıram ki, təbii qismətlə onun soyadı belə olmasaydı da, o, adını öz ilk torpağından alacaqdı - ya "Mərcanlı", ya da "Cəbrayıllı" olacaqdı. Sonra türklüyünü, hətta oğuzluğunu qabardıb Bayatlı oldu. Bu adında, yəqin ki, Dədə Qorqudu da, Füzulini də düşündü - axı onlar da Bayat boyundan qopmuşdular. Sənəti ilə vətəndaşlığına necə qulluq etdiyini göstərmək üçün özünü belə elan etdi: Önər. İndi isə Odərdir. Əgər bu adda özünün bir od ər, bir parça od olan kişi mənasını düşünürsə, yerinə düşür, ona yaraşır.
Görünür, bu dörd qatda soyadı Vaqifin özünü dərk etməsi yolunu əks etdirir. Məlum Quran ayəsini yadımıza salaq: "Özünü dərk edən Allahı dərk edir". Vaqifin məşhur Göy üzü obrazı var. Leyli-Məcnun Füzuli üçün nədirsə, Göy üzü obrazı Vaqif üçün odur.
Tofiq Hacıyev
Akademik
Vaqif mənim üçün çox millidir və Vaqif mənim üçün çox da bəşəridir.
Vaqif mənim üçün çox dərdlidir, qəmgindir, qüssəlidir, amma Vaqifin poeziyasında qəribə bir işıq da var ki, hansısa - qoy lap mücərrəd olsun! - məlhəmdən, əlacdan, qaranlıq labirint içində görünən - qoy lap kiçicik olsun! - işıqdan (işıqcıqdan) xəbər verir...
Mən hələ ikinci bir şair tanımıram ki - yüzlərlə tanıdığım şairlər arasında! - onun yaradıcılığı ilə zahiri görkəmi, xasiyyəti, hətta taleyi (!) bu dərəcədə bir-birini tamamlasın, bir-birinə məhrəm olsun, biri o birini davam etdirsin.
Vaqif kövrəkdir, həssasdır, incədir və Vaqif mübarizdir.
Elçin
Xalq yazıçısı
İllər ötür, bütün vücudu, varlığı və ruhuyla İlahiyə can atmaqdan yorulmayan Vaqifi yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə "var" adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif Sözün xəstəsi, Onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa...
Afaq Məsud
Xalq yazıçısı
Vaqif Bayatlı özünün şair şəxsiyyətilə şair yaradıcılığını ideal şəkildə birləşdirə bilmiş ustad sənətkardır. Belə bir adam bu gün necə olub ki, vardır?! Belələrini biz, adətən, ədəbiyyat dərslərindən tanıyırıq. Belələri, adətən, nə zamansa, yaşayırlar, bu gün yaşamırlar. Ya o bizim gözümüzə görünür, ya da biz onun. Şair elə belə də yazır:
Dənizin ortasında bir xəyal -
Ya o bizim gözümüzə görünür,
Ya biz onun.
Vaqif Bayatlı - dənizin ortasında xəyala dönmüş şair.
Kamal Abdulla
Akademik
Vaqifin şeirlərində ana dili yerin tozundan, kitab qandallarından, rəsmiyyət kəsafətindən azad, anaların da, mələklərin də, çiçəklərin də, Tanrının da eyni şəkildə anlaya biləcəyi sadə, amma sehrli dildir, türkcəmizin Dədə Qorqud və Füzuli işığına bürünmüş bir səviyyəsindədir.
Sabir Rüstəmxanlı
Xalq şairi
Vaqifin şeirlərində, ilk baxışda, çətin sezilən bir ardıcıllıq duyulur. Bir şeirin sonluğu, özündən sonra gələn şeirin başlığı kimi səslənir. Yazılış anlarının ovqatı, sabit şair mövqeyi, başqasının sevincini duya bilmək, dünyanın yer üzündən göy üzünə uzanan fikir yollarının gələcək adlı həqiqətlərində gəzişmək Vaqifin yaradıcılığına səmimiyyət, romantik ruh aşılayıb.
Nüsrət Kəsəmənli
Şair
Bəlkə, Vaqif özü də bilmir ki, nə qədər mənə təsir edib. Mən Vaqifdən Azərbaycan dilini öyrənmişəm, poeziyamızı öyrənmişəm, tariximizi öyrənmişəm, zorluqlara dözməyi öyrənmişəm. Vətəndaş olmağı öyrənmişəm, türkçü olmağı öyrənmişəm.
Cavanşir Quliyev
Bəstəkar
...Vaqif Bayatlı Odərin kitabını yüz ildən, min ildən sonra da açıb oxuyan oxucu sətirlərin, sözlərin tərpəndiyini, nəfəs aldığını, canlı, diri olduğunu, buludsuz, aydın gecədə par-par yanan, bəzən adamın üzünə dostcasına gülümsəyən, bəzənsə, kədərli görünən ulduzlar kimi işıq saçdığını görəcək.
Azər Abdulla
Yazıçı
Vaqif Bayatlının şeirləri bu müqəddəsliyin ən gözəl əyani bir nümunəsi kimi xalqımıza, şeirimizə, ədəbiyyatımıza, həqiqətən, dəyərli bir hədiyyədir.
Nəriman Qasımoğlu
Professor
Və Vaqif Bayatlı Odər mənim tanıdığım adamların içərisində, mübaliğəsiz deyirəm, yeganəsidir ki, bu qeyri-adi insanın içərisində sevgidən başqa heç nəyə yer qalmayıb və Vaqif bəy o böyük sevgi yükünü Göydən Yerə daşıyan söz elçisidir. Amma, amma həm də bir Sizif kimidir. İntəhası, bu Sizif o müqəddəs sevgi duyğularını Yerə sona qədər daşıya bilmir, Söz Yerin zirvəsinə çatmamış yenidən diyirlənib geriyə - Göyə qayıdır.
Azər Turan
Filologiya üzrə fəlsəfə doktoru
V.Bayatlı poeziyaya daha çox intonasiya fərqliliyi gətirmiş şairdi. Bu şeirlərdə intonasiya o qədər güclü idi ki, vəznin tələblərini belə görməzdən gəlindirə bilirdi. Bu mənada, V.B.Odər milli şeirimizdə, ilk növbədə, dil materialı kimi maraqlıdır. Şairin poeziyası milli ənənəvi şeirin yeni yolayrıcına düşüb, öz cığırını açması baxımından önəmlidir. Amma ən önəmlisi, V.B.Odərin saldığı yeni Yolda milli şeirin öz havasına qol qaldırıb oynamaq çabasıdır.
Elnarə Akimova
Filologiya elmləri doktoru
Vaqif minillik Azərbaycan poeziyasında öz səsilə seçildi. O, hədsiz təriflərə də qərq oldu, kəskin tənqidlərə də... Amma təriflər onun boyundan yuxarı qalxmadı, tənqidlər nə qədər acı olsa da, dizinə də çatmadı. Vaqif o yolu ki tutmuşdu, o yolu addım-addım gedib özünü tapa bildi. Özünü tapmaq o deməkdir ki, öz şair şəxsiyyətini, öz bənzərsizliyini sübut elədi.
Vaqif Yusifli
Professor
Vaqifin orijinal fərdi şair simasını müəyyənləşdirən və fərqləndirən xüsusiyyətlərdən biri də onun şeirlərində bol-bol işlənmiş aforizmlərdir. Əlbəttə, şairin özünün aforizmləri! "Bu dünyada torpağı ayrı, göyü birdir şairlərin", "Keçib gəldiyi göy üzü kimidir şairin üzü", "Elə bilirlər, ölümə gedir hər torpaq altına gedən", "Hər sevgidən, sözdən nə isə gözəl bir şey qalır dünyada" və s. Bu ifadələr klassik sənətkarlarımızın hikmətli sözləri kimi yadda qalır, oxucu tərəfindən adi həyat həqiqətlərinin maraqlı bədii kəşfi kimi qarşılanır.
Səyyad Aran
Şair
Vaqifin özünü ifadə eləmək mənasında ən səciyyəvi şeirlərindən biridir. Bu hissi, ovqatı yazan, şeirə çəkə bilən adam bu dünyanın çəmbəri içində tək və tənha olmalıdır.
Cavanşir Yusifli
Filologiya elmləri doktoru
...Şair Nizami Aydın bir vaxtlar Lermontovu və Müşfiqi sevirdi, sonralar isə Tomas Vulfun və Qarsia Lorkanın dəlisi idi. 1982-dən bəri Vaqif Cəbrayılzadəyə qibləgah kimi baxırdı.
Bir dəfə zarafatla dedi ki, daha Vaqifi sevməyəcəyəm, yazıqdı, qoy yaşasın, mənim sevdiyim şairlərin yaşı qırxı ötmür.
Amma döyüş çantasında güllələrin içində V.Cəbrayılzadənin son kitabını gəzdirirmiş.
Musa Urud
Şair
Vaqif mənim həyatımda da mühüm rol oynayıb. 1980-ci ildə onunla Tuva Muxtar Respublikasında keçirilən Gənc Yazıçıların Ümumittifaq Toplantısının iştirakçısı olmuşduq. O vaxta qədər aramızda xoş bir qarşılıqlı əlaqə olsa da, çox da yaxın olmamışdıq. Amma həmin səfərdə 14 gün bir yerdə olduq. Onun təşəbbüsü ilə Bakıdan Tuvanın Qızıl şəhərinə qədər - bütün türk ellərini gəzmək üçün "Bakı-Türkmənistan-Özbəkistan-Qazaxıstan-Hakasiya-Tuva" marşrutu ilə getdik. Hər respublikada 2-3 gün qaldıq. Bu ölkələrin insanları, məişəti, muzeyləri ilə yaxından tanış olmağa çalışırdıq. Tale elə gətirdi ki, Orxon-Yenisey abidələrini də birlikdə ziyarət etdik. İki həftəni bir yerdə olmaq bizi xeyli yaxınlaşdırdı. Bu yaxınlığımız mənim üçün olduqca əhəmiyyətli oldu. Mən Tuvaya yola düşəndə gənc bir Azərbaycan şairi, sovet alimi idimsə, geri dönəndə türkçü, antisovet bir şair idim. Mən Tuvaya yola düşəndə Əhməd Məmmədov idimsə, səfərdən sonra Əhməd Qəşəmoğlu oldum.
Əhməd Qəşəmoğlu
Filosof
Vaqifin şeirlərinin dərində olan gücü bundadır ki, o, şeiri ideologiyanın vasitəsinə, "qulluqçusuna", daşıyıcısına çevirmədi.
Məti Osmanoğlu
Filologiya üzrə fəlsəfə doktoru
Dədə Qorqud kitabından sonra V.Bayatlı Azərbaycan ədəbiyyatında, bəlkə də, öz poetik havasını, mistik dünyasını, bənzərsiz ahəngini yaradan ilk və sonuncu şairdir. Buna inan. Xüsusən, onun özü şeirlərini oxuyanda fikir ver, özünü görəcəksən. O şeirlər ən qədim mənbəyə gedir. Dua kimidir. Özü tapıb o üslubu. Orada bayatı da var, nənələrin alqışı da, qarğışı da, layla da üstəgəl, bütün atributları cəmləşdirən Vaqif təpədən-dırnağa ədəbiyyatdır.
Vaqif Bəhmənli
Şair
V.B.Odər yaradıcılığında şeirin klassik anlamı çökmür və itirmir, çağdaş anlamı isə ucalaraq qazanır. Burda da onun sevdirici və barışdırıcı mövqeyi özünü göstərir. Onun poeziyası, sadə şəkildə izah etsək, nəinki insanların, eləcə də, şeirimizin dünəniylə bu günü arasında sevgi və barış nöqtəsidir.
Zahid Sarıtorpaq
Şair
Azərbaycan ədəbiyyatında onun kimi sözsüz şeir yazan ikinci bir şair yoxdur. Bu sözsüz şeirlərin poetik obrazlarının, metaforalarının havası başqadır.
Südabə Ağabalayeva
Filologiya üzrə fəlsəfə doktoru
Mənə elə gəlir ki, Vaqif bu dünyaya adi insan kimi gəlməyib. Söz Allahı tərəfindən Şeir kimi, Şeir mələyi kimi yer üzünə zühur edib. Təkrar edirəm, şair kimi yox, Şeir kimi.
Elçin İsgəndərzadə
Professor
Vaqif Bayatlı Odər iyirminci əsr poeziyamıza daimi cəzb halında olan devrimçi kimi gəldi. Canına ən yaxın olan sözləri seçib, ilk işini bitirdikdən sonra növbəti həmləyə keçdi; tarixi təşəkkül prosesində stereotipləşmiş şeir şəkillərini "üzüdivara" çevirərək, vurğunu məzmuna yönəltdi. Bu, əsrin 50-ci illərindən etibarən, mövqeyi möhkəmlənib axın şəkli alan sərbəst şeirin, sadəcə, davamı deyildi. Şairin hərəkət və nəfəs imkanlarını genişləndirən sərbəst şeir Vaqif Bayatlının simasında sözün hərəkət və nəfəs imkanlarını genişləndirmək məqamına yüksəldi.
Bəsti Əlibəyli
Ədəbi tənqidçi
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)