TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək Featured

Görkəmli Azərbaycan şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlının AzərTAC-a verdiyi məlumata görə, fevralın 21-də TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək.

Tədbirin təşkilati dəstəyi TÜRKSOY ilə yanaşı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən həyata keçiriləcək.

“Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi haqqında qərar 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilib”, - deyə E.Qafarlı xatırladıb.

Onun sözlərinə görə, TÜRKSOY-un Baş katibliyində bu əlamətdar hadisə münasibətlə tədbirlərin ən yüksək səviyyədə təşkili üçün müvafiq plan hazırlanır.

Qeyd edək ki, TÜRKSOY türkdilli ölkələrin oxucularını görkəmli Azərbaycan şairinin yaradıcılığı ilə geniş şəkildə tanış etmək məqsədilə müxtəlif illərdə konfranslar təşkil edib, Bəxtiyar Vahabzadənin əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.

Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. O, respublikamızın hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edib, milli mədəniyyətin təbliği və Azərbaycanın ədəbi irsinin populyarlaşdırılması üçün səylərini əsirgəməyib.

Ədəbi və elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə uğurla birləşdirən B.Vahabzadə Bakı Dövlət Universitetinin professoru kimi uzun illər Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verib.

Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı - “İstiqlal” ordeni ilə təltif edilib.

Şair 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.