Könül, “Ədəbiyyat və incəsənət”
Ölkə gənclərinin sevimli jurnalı olan “Ulduz” daim yenilikləri ilə fərqlənməkdədir. Növbəti yeniliyi görmək üçün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubuna gəlmək lazım idi, madam ki, gələ bilməmisiniz, onda mən ərz edim, siz də dinləyin.
Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar. Elə istehsalat təcrübəsinin ilk günündə Natəvan klubunda “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə poeziya tədbiri keçirildi.
Bundan da gözəl qarşılanma olarmı?
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mansur, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, sədr müavini Ayşən Rəhim, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova iştirak edirdi. Və əlbəttə ki, bir də tələbələr.
Gənc və sevilən şairlər İntiqam Yaşar, Taleh Mansur və Ayşən Rəhim öz şeirlərini səsləndirdilər, tələbələrin suallarını cavablandırdılar.
Tədbir müzakirələrlə davam etdi.
Belə bir başlanğıcdan sonra “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayan tələbələrin şeir yazmayacağına mən şəxsən inanmıram.
Siz necə, inanırsınızmı?
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)