Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsil, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabla bağlı akademik Nizami Cəfərovun rəyini diqqətinizə çatdırır:
Anar son illərdəki müsahibələrindən birində “kimləri oxuyursunuz” sualına “daha çox özümü, öz yazdıqlarımı oxuyuram” cavabını vermişdi. Və bu cavab, başqalarını bilmirəm, məni çox maraqlandırmışdı. Hər şeydən əvvəl ona görə ki, həyatı, fəaliyyəti və mənəvi-intellektual dünyası zəngin yazıçının vaxtaşırı olaraq “özünü oxuması”nın özü də, sözün böyük mənasında, yaradıcılıq aktıdır.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici, Anar istedadının səviyyəsinə layiq olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsəri, heç şübhəsiz, ilk növbədə “özünü oxumağ”ın (həm də dərindən, dərk edə-edə, duya-duya “oxumağ”ın) məhsulu, nəticəsidir.
Qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, ayrı-ayrı epizodların, hissələrin nə vaxt yazıldığından xəbərin olmasa, tarixlərə fikir verməsən, elə güman edərsən ki, birnəfəsə qələmə alınmış əsər oxuyursan. Əlbəttə, bu, böyük qələm adamının “tərtibçi” məharəti hüdudlarından çox-çox kənara çıxan, onun mükəmməl təfəkkürünün (və müfəssəl yaddaşının) meyarları ilə izah oluna bilən hadisədir. Məsələnin qeyri-adiliyi (və nə qədər paradoksal görünsə də, səciyyəviliyi) burasındadır ki, Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli və Vaqif Səmədoğlunun, Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və Anarın (bu sonuncu halda Anar əsərin müəllifi yox, qəhrəmanlarından biridir!) yazdıqlarını da eyni ideya-estetik yaradıcılıq məcrasına qoşa, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli (bir ailə təşkil edəcək qədər milli!) paradiqması olaraq təqdim edə bilmişdir.
Kitab Yusif Səmədoğlunun Səməd Vurğun, Anarın Rəsul Rza, Nigar Rəfibəyli və Ənvər Məmmədxanlı haqqında yazıları ilə başlayır. Sonra bu yazılarda söylənmiş, səmimi olduğu qədər də analitik mülahizələrin illüstrasiyası sayıla biləcək klassik bədii mətnlər – Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin şeirləri, Ənvər Məmmədxanlının “Ayrıldılar” hekayəsi gəlir ki, XX əsr Azərbaycan ədəbiyyatının 30-cu illərdən sonrakı mənzərəsini onlarsız təsəvvür etmək mümkün deyil. Ola bilsin ki, başqa bir tərtibatçı – müəllif sözügedən böyük söz sənətkarlarının bu yox, başqa bir əsərinin seçilərək burada verilməsini daha münasib saya bilərdi, ancaq bu, ona görə hazırkı seçimin mahiyyətinə elə də ciddi təsir göstərə bilməz ki, Anarın tətbiq etdiyi sxem-konstruksiya həm sənətkarın üslubunu, həm ədəbiyyatın dövrlərini, həm də hər bir dövrün ideya-estetik konyunkturunu dəqiqliklə hesablamışdır.
Ancaq o da məlumdur ki, 30-cu illərdən vüsət alan yeni poeziyanın önünə Səməd Vurğunla Rəsul Rza çıxırdı. Və nəzərə alsaq ki, bilavasitə zəngin milli epos yaradıcılığı ənənəsinə dayanan Səməd Vurğunla həmin ənənə üzərində müəyyən eksperimentlər aparmaqla milli poeziyanın beynəlxalq üfüqlərini genişləndirməyə çalışan Rəsul Rza arasında özünü get-gedə daha aydın göstərməyə başlayan “ədəbi qarşıdurma” tədricən iki milli poeziya (və nəticə etibarilə ədəbiyyat!) məktəbinin formalaşmasına gətirib çıxardı, onda sual doğurmaya bilməz ki, bu gərginlik öz əksini “iki ailə” arasında necə tapırdı?..
Kitabda Səməd Vurğunun Rəsul Rza, Rəsul Rzanın isə Səməd Vurğun haqqındakı fikirləri, mülahizələri iki böyük şəxsiyyətin münasibətlərinə “üzdən” qiymət verməyə, onları üz-üzə qoymağa çalışanları öz yanlış təsəvvürləri üzərində bir daha (və daha əsaslı!) düşünməyə çağırır.
Əlbəttə, Səməd Vurğunun Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı yaradıcılığı barədəki düşüncələri, Ənvər Məmmədxanlının, Nigar Rəfibəylinin Səməd Vurğun, Rəsul Rza haqqındakı xatirələri – ailə söhbətləri bir daha (və ən mötəbər mənbə olaraq!) göstərir ki, Səməd Vurğunla Rəsul Rza arasındakı mübahisələr heç zaman yaradıcılıq məsələləri hüdudundan kənara çıxmır, şəxsi maraqlar deyil, ədəbiyyat naminə edilirdi. Bununla belə, Anar öz yeni kitabında həmin mübahisələri, əgər belə demək mümkünsə, münaqişələri bütün təfərrüatı ilə verməyi məsləhət bilmiş və görünür, belə bir məqsəd izləmişdir ki, ədəbiyyatətrafı aləm üçün səciyyəvi olan, ayaq tutduqca bir budağa çıxıb, min budağı silkələyən dedi-qoduçu maraqlar hər halda əsl həqiqətlə hesablaşmaq məcburiyyəti qarşısında qalsınlar. Bu təfərrüatlardan, fikrimcə, ən qiymətlisi Rəsul Rzanın Nigar Rəfibəyliyə 1936-cı ildə (ən yeni dövrün iki ən böyük şairinin öz yaradıcılıq imkanlarını hələ bütün genişliyi ilə nümayiş etdirmədikləri zaman) yazdığı məktubdakı son dərəcə səmimi fikirlərdir:
“...Mənim özüm kimi, onu (söhbət Səməd Vurğundan gedir – N.C.) da, yaxud onun kimi, özümü də millətimə və xalqıma lazım hesab edirəm. Bizim aramızda olan mübarizəmi deyək, davamı deyək – paxıllıqdan bəzi çaqqallar çox istifadə edirlər. Səməd ilə mənim aramda yaradıcılıq mübarizəsi (bu sözün yaxşı mənasında) hər zaman olacaq. Mən heç bir zaman “səmədləşə” bilməyəcəyim kimi, o da “rzalaşa” bilməz”.
Bu məsələyə – Səməd Vurğun–Rəsul Rza münasibətlərinə Anarın verdiyi şərhə gəldikdə isə, burada tərəfkeşlik yoxdur, həmin münasibətlərin mahiyyətinə varmaq, Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ideya-estetik əsaslarını yaratmaq kimi məsuliyyətli (və ümummilli!) bir vəzifəni öz üzərlərinə almış iki qüdrətli ədəbi şəxsiyyətin axtarış yollarında qarşılarına çıxan ziddiyyətləri, kəsişmələri necə həll etməyə çalışdıqlarını cəmiyyətə necə varsa o cür çatdırmaq istəyi var. Və bu istək istər kitabın bütün məzmun-mündərəcəsində, istərsə də müəllifin hər bir mülahizəsində özünü göstərir.
Anar yazır ki, “iki bir-birinə zidd və məncə, ikisi də səhv olan fikir yürüdülür. Bəziləri – əlbəttə, xeyirxah məqsədlə – bu iki şairi çox mehriban dost, onların əlaqələrini idillik planda təqdim etmək istəyirlər. Bəziləri isə onları bir-biriylə barışmaz, qatı düşmən sayırlar. Dediyim kimi, hər iki fikir kökündən yanlışdır; bu iki şairin arasında müəyyən illərdə çox isti münasibətlər olsa da, onların dostluğu, tutalım, Səməd Vurğunun Mehdi Hüseynlə, ya Rəsul Rzanın Sabit Rəhmanla dostluğu qədər yaxın olmamışdır. Amma heç vaxt bir-birinə barışmaz düşmən də kəsilməmişlər”.
Rəsul Rza Səməd Vurğunun iştirak etmədiyi dost məclislərindən birində çoxlarını bu və ya digər səbəbdən maraqlandıran məsələyə münasibətini bildirərkən onu da demişdi ki, “Səmədlə mənim aramda mübahisələr, hətta küsüb-barışdığımız vaxtlar da olur. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geydirib ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar”.
Görkəmli yazıçı-mütəfəkkiri uzun illər yaxından tanıyanlardan biri kimi deyə bilərəm ki, faktları, hadisələri başqa donda təqdim etmək, ziddiyyətləri malalamaq nə bir insan-şəxsiyyət, nə də bir ziyalı-ictimai xadim olaraq Anarın xarakterinə uyğun deyil. Və o, elə ilk əsərlərindən həqiqətin gözünə dik baxmağa necə adət etmişdirsə, bu gün də elədir, sabah da elə olmaqdan başqa ona görə yolu yoxdur ki, Rəsul Rza demiş, hərənin bir üslubu var, bu da onun üslubudur.
“2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabı özünün ideya-estetik təlqini ilə sübut edir ki, Səməd Vurğunla Rəsul Rza arasındakı qarşılıqlı ədəbi hörmət-ehtiramı onların övladları nəinki davam etdirmiş, yeni ictimai, siyasi və ideoloji şəraitin verdiyi imkanlar daxilində daha da gücləndirmiş, milli ədəbiyyatın (və millətin!) naminə daha irəli aparmışlar... Kitabda ən yeni Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrünü Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi, Anarın yaradıcılığına, ədəbi-ictimai fəaliyyətinə həsr olunmuş məqalələri və Anarın Vaqif Səmədoğlu haqqındakı yazıları açır. Bu yazılarda artıq Səməd Vurğunla Rəsul Rza arasındakı təsəvvür edilən, yaxud ictimai “mühit”in “uydurduğu” ədəbi qarşıdurma nəinki yoxdur, əksinə, hər cəhətdən görünür (və çox da uzaq olmayan 70-ci, 80-ci, 90-cı illərin bu günə qədər yaşayan ədəbi şahidləri də, yəqin, yaxşı xatırlayırlar) ki, Yusif Səmədoğlu, Anar və Vaqif Səmədoğlu eyni bir ədəbi məktəbin, məsləkin (və ailənin!) üzvləri idilər. Və bu münasibəti daha da gücləndirənlərdən birincisi Anar, ikincisi isə Vaqif Səmədoğludur – Anarın Səməd Vurğun haqqında yazdıqları nə qədər möhtəşəmdirsə, Vaqif Səmədoğlunun Rəsul Rza poeziyasına göstərdiyi ehtiram da o qədər dərindir.
Rəsul Rza hələ 60-cı illərin əvvəllərində Vaqif Səmədoğlunun poetik istedadını kəşf edib yaradıcılıq imkanlarını dəyərləndirəndə çoxları belə düşünürmüşlər ki, bu, Səməd Vurğun məktəbinə “hücum”dur. Halbuki əgər Rəsul Rza Vaqif Səmədoğlunun hələ yeni cücərən şairlik istedadını layiqincə qiymətləndirib ona ürəklə “uğur olsun, Vaqif! Həm adınla, həm mənsub olduğun ocaqla (! – N.C.) bağlı şair adını şərəflə daşı, usanma, yorulma. Yaz, yarat!” deməsəydi, “geniş yollara çıx”mağı arzu etməsəydi, yəqin ki, Vaqif Səmədoğlunun ədəbiyyata gəlişi bu qədər uğurlu alınmazdı. Və təsadüfi deyil ki, Vaqif Səmədoğlu qədirbilənliklə öz ustadı haqqında yazmışdı:
“... Məsuliyyət hissiylə şeir yazmağı mənə Rəsul Rza öz şeirləri və söhbətləri ilə öyrətdi. Onun estetik zövqünün yüksəkliyi, sadəliyi, poetik söz üçün daşıdığı böyük məsuliyyət məndən ötrü həqiqi məktəbdir”.
Yəqin ki, şagirdin ustad haqqında bu cür (hətta bundan da tərifli) sözlər deməsi heç kimə qeyri-adi, təəccüblü görünməməlidir. Ancaq sonralar ustadın şagirdlə özünü müqayisə edib üstünlüyü ona verməsi, həqiqətən, həm ustada, həm də şagirdə münasibətdə olduqca ibrətamiz, olduqca təsirlidir... Anar xatırlayır ki, “Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdıram”... Atamın dilindən heç bir başqa şair haqqında – istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri – heç biri haqqında belə söz deməyini eşitməmişdim”.
Səməd Vurğunla Rəsul Rzanın arasını vurmağa çalışanların çox keçmədən “yeni nəsli” yetişir ki, onlardan biri yaşına yaraşmayan “yüngüllüklə” demişdi ki, “Səməd Vurğunla Rəsul Rzanın düşmənçiliyi, məncə, Vaqif Səmədoğlu ilə Anarın saxta və yalançı dostluğundan üstündür, onların mübarizəsi bunların saxta qardaşlığından yüz qat yuxarıda dayanır”. Vaqif Səmədoğlu bu “şeytan” münasibətinin mahiyyətini dərhal ifşa edib aravuranların cavablarını vermişdi: “Hər iki tərəfdən dırnaq içində deyirəm, “səmədçilər”dən də, “rəsulçular”dan da onillərdir Anarla Vaqifin kəllə-kəlləyə gələcəklərini gözləyənlər var. Kənardan baxıb həzz almaq üçün. Görməyəcəklər. Olmayacaq bu. Çünki biz o tərbiyənin yiyəsi deyilik”.
Mənə elə gəlir ki, Anar öz kitabında belə məsələlərə yer ayırmaqda bir də ona görə haqlıdır ki, “ədəbi mühit”, yaxud bir qədər əda (və ironiya) ilə “ədəbi cameə” adlandırdığımız hadisə dünən olduğu kimi, bu gün də əsl ədəbiyyat adamları ilə yanaşı, xeyli sayda ədəbiyyatətrafı adamlar (sözün ən müxtəlif mənalarında həvəskarlar!) yetirir ki, onlar bu tipli mülahizələrdə, mühakimələrdə öz “simalar”ını vaxtaşırı görüb o qədər də orijinal məxluq olmadıqlarını anlamalıdırlar. Ən azı onu başa düşməlidirlər ki, keçən əsrin 30-cu, 40-cı, 50-ci illərinin “böyük ədəbiyyat uğrunda mübarizələri”ndən onlar – ədəbiyyatətrafı dedi-qoduçular yox, Səməd Vurğunla Rəsul Rza qalib çıxdılar. Özü də “ədəbi döyüş”lərin cəngavərlərindən daha çox “ədəbi məktəb”lərin liderləri kimi.
Rəsul Rzanın 90 illiyi keçiriləndə Vaqif Səmədoğlu yubiley gecəsindəki çıxışında təsadüfən deməmişdi: “Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formadakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı şeirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir”.
Anar öz kitabına 1964-cü ildə yazdığı “O gecənin səhəri” hekayəsi ilə daxil olur, sonra yazıçının repressiya illərinə həsr edilmiş “Tikilməmiş türmələrin hörülməmiş hasarı” adlı yeni qələmə aldığı essesi gəlir ki, bu əsərdə Səməd Vurğunla Rəsul Rzanı əhatə etmiş ictimai-siyasi (və ədəbi) mühit nə qədər mümkündürsə o qədər təmkinli, obyektiv mühakimələrin təhlil obyektinə çevrilir. Müəllif göstərir ki, “Səməd Vurğun ailəsində də, Rəsul Rza ailəsində də, əlbəttə, bir çox başqa ailələrdə də yetişən uşaqlar məhz bu qorxunun, vahimənin – yaxınlarını itirmək xofunun içində boya-başa çatıblar... Bu uşaqların hansı ildə doğulmalarından asılı olmayaraq, 1937-ci ilin müdhiş kabusu onların doğum ili sayıla bilər”.
“Vurğunluğ”a gəldikdə isə, cəsarətlə demək olar ki, bu məqalə Səməd Vurğun haqqında yazılmış ən analitik, ən mükəmməl, ən hərarətli məqalələrdən biri, bəlkə də birincisidir. Buradakı vüsət, ürək genişliyi, eşq yalnız Vaqif Səmədoğlunun Rəsul Rza haqqındakı düşüncələrilə müqayisə oluna bilər... Anar tamamilə haqlıdır ki, “Səməd Vurğun dövrün şahidi, salnaməçisi, “ayinə”si olmaqdan daha çox zamanının vurğunu oldu, həyata heyran gözlərlə baxdı. Həyata heyran gözlərlə baxmaq isə istər-istəməz nəyəsə göz yummaq deməkdir. Bu, Səməd Vurğun poeziyasının məziyyəti, ya kəsiri deyil, xüsusiyyətidir, səciyyəvi cəhətidir. Səməd Vurğun tam səmimiyyətlə özünü ağ günlərin şairi adlandırırdı və bu konsepsiyaya uyğun gəlməyən hər şeyi şeirlərindən də, fikrindən də, qəlbindən də uzaqlaşdırmağa çalışırdı... Lakin bu, asan iş deyildi...”
Kitab Vaqif Səmədoğlunun və Anarın şeirləri, eləcə də Anarın Vaqif Səmədoğlu haqqında məqalələri ilə yekunlaşır. Əsərlərində simmetriyaya (və harmoniyaya!) ciddi diqqət yetirən müəllif burada da onun maraqlı örnəyini verir: əvvəldə Səməd Vurğunla Rəsul Rzanın, sonda Vaqif Səmədoğlu ilə Anarın şeirləri... İstər-istəməz müqayisə etməli olursan. Və ən yeni Azərbaycan poeziyasının (ümumən ədəbiyyatının) tarixində bir-birindən o qədər də uzaq olmayan dövrdə (və yalnız iki ailənin ədəbi yaradıcılığı nümunəsində!) nə qədər əhəmiyyətli dəyişikliklərin baş verdiyini görməyə bilmirsən... Elə güman edilməsin ki, yeni nəsil əvvəlki nəsildən daha istedadlı, ədəbi dünyagörüşü etibarilə daha miqyaslıdır. Vaqif Səmədoğlu ilə Anarın yaradıcılıq qüdrəti onunla müəyyən edilir ki, bəziləri onların ataları arasındakı “ziddiyyət”i şişirtməklə məşğul ikən Anarla Vaqif Səmədoğlu öz aralarında dostluq, qardaşlıq və məsləkdaşlıq edərək atalarının yaradıcılıq dühasına layiq, onlarla müqayisə edilən (və müasir tələblərə cavab verən!) əsərlər yaratdılar. O da ən yeni ədəbiyyat tariximiz üçün çox ibrətlidir ki, bu dəyərli əsərlərin bir çoxunu Vaqif Səmədoğlu ilə Anar ya bir-birinə, ya da ədəbi şöhrətin zirvələrinə yüksəlmiş atalarına həsr etmişlər.
Mən burada Vaqif Səmədoğlunun Anar haqqındakı iki fikrini misal gətirməyə ehtiyac duyuram. Birincisində deyir ki, “mənim şairlik xronologiyamı Anar məndən yaxşı bilir. Məsələn, mənim yadımdan çıxmış, tamamilə unutduğum dörd poemamı Anar mənə verib. Baxan kimi yadıma düşdü... Hər dost bunu eləyə bilməz. Özü də Anar kimi ictimai nöqteyi-nəzərdən həmişə məşğul olan adam oturub dostun kitabını tərtib eləsin. “İlahi, mən burdayam” kitabının tərtibçisi də Anardı, amma adını bir tərtibçi kimi yazmayıb. Ön sözü də o yazıb. Yığan da Anardı, səhifələyən də Anardı”... Burada Vaqif Səmədoğlu Anarı bir dost, ikinci fikrində isə böyük yaradıcı şəxsiyyət kimi dəyərləndirir:
“Anar... Unikal... Tənha İntellekt Qitəsidir. Nəinki Azərbaycanda, yəqin ki, bütün dünyada belə adamları barmaqla saymaq olar. Və bu mənada Anar mənimçün ilk növbədə lazımınca istifadə olunmamış Milli sərvətdir”.
Anarın isə Vaqif Səmədoğluna həsr etdiyi şeirin ilk misraları belədir:
Ömrün o uzaq vaxtı,
İlk gənclik çağımızda
“Son yelkəni dolduran
son küləkdir” demişdin.
Nə bileydik küləklər
Hələ çox əsəcəkmiş,
Dünya da çox genişdi,
Zaman da çox dəyişdi...
“2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” iki ailənin ədəbi yaradıcılığının, yaxud ən yeni Azərbaycan ədəbiyyatının tarixində əsasən iki nəslin “tərcümeyi-halı”ndan bəhs edir. Ancaq sonda Vaqif Səmədoğlunun Günel Anarqızının kitabına yazdığı ön sözün, eləcə də Günel Anarqızının Vaqif Səmədoğlu haqqında kiçik də olsa təsirli xatirə yazısının verilməsi ilə üçüncü nəsli də tarix səhnəsinə çıxır ki, bu, iki ailənin ədəbi yaradıcılıq taleyində ən yeni Azərbaycan ədəbiyyatı tarixinin ən yeni dövrünə bəslənən ümidlərə işarə edir. Və heç vaxt yadımdan çıxmaz ki, Azdramada səksən illik yubileyi keçirilən gün ağır xəstə olsa da həyat eşqini itirməmiş Vaqif Səmədoğlu Anarın ona etdiyi böyük yaxşılıqlardan danışandan sonra ərkyana əlavə etdi ki, mən də borclu qalan deyiləm, Günelin kitabına ön söz yazdım... Bu sözlərdəki səmimiyyət, ciddiyyət və Günelin istedadına verilən yüksək olduğu qədər də obyektiv qiymət onun ifadəsi idi ki, Vaqif Səmədoğlu iki (əslində, bir!) ailənin ədəbi yaradıcılığının üçüncü nəslindən xeyir-duasını əsirgəməmişdi.
Cəsarətlə (və məmnunluqla!) demək olar ki, Anar digər bədii-publisistik əsərlərində olduğu kimi, haqqında söhbət gedən yeni əsərində də Azərbaycan xalqının ədəbi-mənəvi dəyərlərini yüksək intellektual hazırlıq, sosial məsuliyyət və ideoloji uzaqgörənliklə tarixdən bugünə gətirməyin növbəti uğurlu təcrübəsini verir. Və onun daim xalqın ruhunun ən dərin qatlarına qədər nüfuz etməyə qadir təfəkkürü bu kitabında da öz missiyasını böyük məharət, istedad və milli ədəbiyyatın gələcəyinə sonsuz inamla yerinə yetirmişdir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)