Bu gün ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun 105 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professorun yubileyi münasibətilə "Əziz Mirəhmədov 105" adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Virtual kitab sərgisində Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixinin, xüsusən də onun yeni dövrünün tədqiq edilməsi sahəsində olan böyük xidmətləri, M.F.Axundov, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, «Molla Nəsrəddin» jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifi olması haqqında məlumatlar təqdim edilir. Biblioqrafik icmalda ədəbiyyatşünasın zəngin elmi, ədəbi fəaliyyəti haqqında məlumatlarla yanaşı Prezident İlham Əliyevin Əziz Mirəhmədovun 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı sərəncam, professora həsr edilən Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi”, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Klassik filoloq alim”, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın “Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmal və virtual sərgidə Əziz Mirəhmədovun müəllifi olduğu “Əhməd bəy Ağaoğlu”, “Azərbaycan jurnalistləri və naşirləri”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Azərbaycan Molla Nəsrəddini”, “Ədəbiyyatşünaslıq terminləri lüğəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və onun haqqında qələmə alınan məqalələrin siyahısı təqdim edilir.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü , professor Əziz Mirəhmədovun 105 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/eziz-mirehmedov-105 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)