MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Əlizadə Nurinin şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

ƏLİZADƏ NURİ

 

 

                                        MƏNƏ GÖY ÜZÜ VERİN

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

                                         ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

                                                         FIRLANIR

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

                               

                                        BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan,

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

                 

                 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Adam var toylardadı

Adam var öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı o? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.