İslam Dünyası gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi keçirilib

 

Ötən gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi təşkil olunub. 

Bu müsabiqəyə İslam dünyasının fərqli ölkələrini təmsil edən istedadlı gənclər qatılıb.

Ötən illər ərzində yarışmanın coğrafiyası daha da genişlənib. Belə ki, bu il Azərbaycan da daxil olmaqla, Türkiyə, Rusiya (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılıb. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edir. Münsiflər heyətinin sədri Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundovadır. Müsabiqənin münsiflər heyətinin tərkibi yerli və beynəlxalq ekspertlərdən ibarətdir. 

Əsası 2012-ci ildən qoyulan müsabiqənin təşkilatçılığını “Kainat” Gənclik Mərkəzi öhdəsinə götürmüşdü, eyni zamanda, Gənclər və İdman Nazirliyi, ICESCO və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası hərtərəfli dəstək göstərməklə layihənin uzunömürlü olmasına təkan verib. “Kainat” Gənclik Mərkəzinin fəaliyyətini son illər həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələrin əhəmiyyətinə görə uğurlu hesab etmək olar. Ənənəvi beynəlxalq uşaq muğam festivalları, “İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının Beynəlxalq Müsabiqələrinin respublikamızın mədəni həyatında böyük əks-sədaya səbəb olması görülən işlərin nəticəsi kimi dəyərləndirilə bilər. Mərkəz bu gün də ənənəvi layihələrini davam etdirməkdədir. Sevindirici haldır ki, ölkə səviyyəsində uğurla həyata keçirilən gənclər siyasəti konsepsiyasında beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer verilir. 

Qeyd edək ki, pandemiya ilə əlaqədar ötən 2 ildə müsabiqə onlayn formatda həyata keçirilmişdi, lakin buna baxmayaraq, İslam dünyası ölkələrinin bu müsabiqəyə marağı artan tendensiyada davam edir. Nəhayət, bu il layihə ənənəvi şəkildə klassik musiqisevərlərin görüşünə gəldi. Müsabiqə ilə bağlı Təşkilat Komitəsinə 100-dən artıq iştirakçının ərizəsi daxil olub və onlardan 80 nəfərə yaxın gənc istedad müvəffəq olaraq hər 2 yaş qrupu (böyük və kiçik) üzrə keçirilən dinləmələrə vəsiqə qazanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.