Bu gün - sentyabrın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar şairi Miqloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili bədii gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan “Çiçəklərin nəfəsi” adlı şeirlər toplusundan ibarət kitabın təqdimat mərasimi keçiriləcək.
Tədbirin rəsmi hissəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın və Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovarinin giriş sözləri ilə açılacaq. Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də digər ölkələrin səfir və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Musiqili bədii gecədə Əməkdar artist Nicat Kazımovun bədii rəhbərliyi ilə Miqloş Radnotinin şeirləri səsləndiriləcək, macar xalq mahnıları ifa olunacaq.