"Bir səsin min sehrində" Featured

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 


"Bir səsin sehrində" - Bu başlıq altında vaxtilə “Sumqayıt” qəzetində mərhum jurnalist Sevil Bayramovanın gənc sənətçinin ifasından təsirlənərək qələmə aldığı məqaləsi dərc olunmuşdu. Mən isə qeyd etmək istəyrəm ki, “Bir səsin min sehrində” və ya ruha yatan, bənzərsiz səsin ahəngində sevilən vokalçı.

 

 O, ürəkdən, duya-duya, yana-yana oxuyur. Çünki onun səsində həyat var, sevgi var, saf duyğular var. İçimdən gələn daxili bir inam mənə deyir ki, Afət xanım istəsəydi dünyanın böyük səhnələrini, ən tələbkar dinləyicilərinin ürəklərini fəth edərdi. Lakin o, taleyini doğma Sumqayıta bağladı, burada sənət sirrlərini yeni nəslə aşıladı sidq ürəkdən. O, sadəcə vokalçı deyil, həm də sənətini sevən pedaqoqdur. Öz səsi ilə hamını məftun etməklə bərabər, musiqi sənətimizin rövnəqlənməsinə də bəhrəsini verir. 

Haqqında söz açdığım Afət Zeynalova çalışdığı Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin səhnəsində tamaşaçılarını dəfələrlə səs adlı xilqətin gücü qarşısında ram edib. Onunla həyat və yaradıcılığı haqda xeyli səmimi söhbət etdik. Sadə və təvazökar olan bu xanıma hörmət və rəğbətim ilk danışığında artdı. Öyrəndim ki, indiki Şabran rayonunda anadan olub. 1995-ci ildə Bakı Musiqi Akademiyasını vokal ixtisası üzrə bitirib. Xalq artistləri Fidan və Xuraman Hacıyeva bacılarından dərs alıb, mənəvi qidalanıb. Digər sənət müəllimi Xalq artisi Mürsəl Bədirov olub. Müəllimlərindən aldığı sevgini hazırda yetirmələrinə həvəslə ötürür. 3 oktava səsə malikdir Afət xanım. Təyinatla 5 il Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrında çalışıb. 1988-ci ildə şəhərimizdə qızlardan ibarət vokal qrupu yaradıb. Bir zaman çox əziyyət çəkib sənətini qeyri-adi qarşılayanlara qavradana, sevdirənə qədər. Səs tembrinin imkanları çox genişdir. Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romanslarını, “Arşın mal alan”da Gülçöhrənin mahnılarını məharətlə ifa edib. Sumqayıtda ilk vokal sinfinin açılmasının təşəbbüskarı olmaqla buna nail olub. 20 ildən çoxdur yetirmlərinin sayını artıq itirib. Əksəriyyəti bu gün professional sənətlə məşğuldur. Çox gözəl səsə malik tələbəsi Fəhmin Əhmədli Opera və Balet Teatrının solistidir. Əli Əliyev, Riyad Cəbrayılov, Ramin Bayramov, Rübabə Cəbrayılova, Orxan Rəcəbov, Şaiq Çələbi, Şahin Qədirov, Günel Əliyeva, Nuranə Bahəddin, Kənan Qədimov, Orxan və Günel Cəlilovalar və bir çox başqalarının üzərində zəhməti çox böyük olub və onlar istedadları, mükəmməl ifaları ilə hazırda tamaşaçı zövqünü oxşayırlar.

Öz dəsti-xətti, yolu olan Afət müəllimə bütün bilik və bacarığını şagirdlərindən əsirgəmir. Onların uğurlarında böyük əməyi vardır. Daim yeniliklər axtarışındadır. Yeganə qız övladı Laçın da böyük istedada malikdir və anasından bəhrələnib. Hazırda o da anadır, türk vətəndaşı həyat yoldaşı ilə bir qız övladı böyüdür.

Bəli, Afət müəllimə öz işinin məsuliyyətini, vacibliyini dərindən dərk edərək, bu işə olduqca böyük önəm verir. Xasiyyətcə o, çox yumşaq, həssas, mülayim bir insandır; lakin işdə yüksək tələbkarlığı, hətta bəzən prinsipiallığı ilə fərqlənir. Gənclərlə vicdanlı, intizamlı iş aparır ki, bu da başqaları üçün gözəl nümunə ola bilər. Afət xanım dərs metodikasını çox gözəl bilir. O, vokal sənətinin görkəmli ifaçılarının pedaqoji yaradıcılığı və sənətlər ilə yaxşı tanışdır və öz biliyini, təcrübəsini yetirmələri və həmkarları ilə bölüşür. İşlədiyi kollektivin bütün üzvləri ona böyük hörmət və məhəbbət bəsləyirlər. Olduqca nəzakətli və iltifatlıdır. Yüksək mədəniyyətə, erudisiyaya malikdir və vokal ədəbiyyatını mükəmməl bilir. Çox maraqlı ixtisas proqramı ilə işləyir. Şagirdlərdən musiqi mətninin düzgün oxunmasını, vokal əsərlərinin dərk olunaraq ifasını tələb edir. Səsin doğru, təbii və rəvan səslənməsi, “təmiz” intonasiya və səsin yüksək pozisiyası aydın və “yaxın” söz, obraz və ifadəlilik, dəqiq frazirovka, möhkəm nəfəs – bax, bütün bunlar yaxşı ifa üçün çox önəmlidir və məhz bunların sayəsində daima işləmək lazımdır. Vokal ifaçısı üçün bunların hamısının olması çox vacibdir. Həqiqətən belə bir münasibət, belə tələb çox doğrudur və Afət müəllimə buna əməl etməklə öz işində daima axtarışlara can atır.

Onun sənəti nadirdir və arzular şəhəri Sumqayıtda bu sənətə yiyələnmək istəyənlər üçün o, gözəl bir örnəkdir. Təsadüfi deyil ki, bütün əmək fəaliyyəti dövründə bir çox uğura imza atıb, dəfələrlə fəxri fərmanlara və mükafatlara layiq görülüb. Onunla söhbətimizdən belə qənaətə gəldim ki, sadəcə istəyin və doğma xalqın qarşısında məsuliyyət hissin varsa, deməli, hər zaman uğur qazanmaq mümkündür. Allah səsinizi və özünüzü qorusun, gözəl vokalçı, peşəkar pedaqoq Afət Zeynalova!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.