“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – ikinci yazını diqqətinizə təqdim edirik.
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ü.Hacıbəylinin ana dilli məktəb və dərsliklər barədə fikirləri
Ana dilinə, onun öyrənilməsinə, dilin saflığının qorunmasına və məktəblərdə təlim dilinə çevrilməsinə xüsusi önəm verən Üzeyir bəy ana dilində məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir. O yazırdı: “Hər bir millətin ki, bəqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar…İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” Buna görə də yuxarıda qeyd etdiyimiz kimi Ü.Hacıbəyli israrla yazırdı ki, “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir”. Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi.
O, ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. 1909-cu ildə
“Tərəqqi” jurnalında bu barədə belə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.
Ü.Hacıbəylinin ana dilli dərsliklərin rolu və onların tərtibi, tərbiyə məsələləri barədə fikirləri də maraqlı və aktualdır. Məktəblərimizdəki dərsliklərin keyfiyyəti və məzmunu, dərslik catışmazlıqları onu Qori seminariyasında oxuduğu illərdən ciddi narahat edirdi. Hələ seminariyada oxuyarkən “Mən gələcəkdə nə iş görəcəyəm?” mövzusunda yazdığı inşada qeyd etmişdi ki, “Mən məktəblərimiz üçün ana dilində hesab, coğrafiya və s. dərs kitabları tərtib edəcəyəm”. (İbtidai məktəblər üçün həmin “Hesab məsələləri” dərsliyi 1907-ci ildə çap olunmuş, dahi M.Ə.Rəsulzadə və görkəmli maarifçi İ.Qaspıralı mətbuat səhifələrində bu dərsliyə yüksək qiymət vermişdilər) O, deyirdi: “Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük bir dərddir". Üzeyir bəy dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı. 1909-cu ildə “İrşad” qəzetində yazırdı: “Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir”. “İkinci il” məqaləsində isə göstərirdi ki, uşağın təlim və tədrisi yaxından uzağa, məlumdan qeyri-məluma getmək yolu ilə olmalıdır. Bu fikirlər bu gün dərslik yazanların qulağında bir sırğa olmalıdır.
Növbəti yazının mövzusu belə olacaq : “Ü.Hacıbəyli müəllim haqqında”
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)